Azərbaycan və Keniya arasında energetika, neft-qaz sahəsində məsələlər müzakirə olunub
Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev Keniya Respublikasının energetika və neft naziri Ceyms Opiyo Uandayi ilə görüşüb.
Səfirlikdən Operativ Media-ya bildirilib ki, görüşdə iki ölkə münasibətlərinin inkişafının dinamikasından razılıq ifadə olunub və Keniya-Azərbaycan əməkdaşlığının prioritetlərindən olan energetika, neft-qaz sahəsində qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.
Nazir Uandayi Keniya Prezidenti cənab Uilyam Samoei Rutonun WUF13-də iştirak etmək üçün Bakıya səfəri zamanı Azərbaycanın Prezidenti cənab İlham Əliyev ilə keçirilən ikitərəfli görüşdə enerji sahəsində əməkdaşlığa xüsusi diqqət yetirildiyini söyləyib. Nazir qeyd edib ki, enerji resurslarının kəşfi və istismarı sahəsində Azərbaycanın əsrlərlə əldə etdiyi zəngin təcrübənin Keniya ilə bölüşülməsi ölkənin enerji mənbələrinin səmərəli istifadəsinə, kadrların peşə hazırlığına, xarici investisiya imkanlarının artırılmasına mühüm töhfə ola bilər.
Səfir Sultan Hacıyev mövcud əməkdaşlığın genişləndirilməsi üçün imkanlardan maksimum bəhrələnməyin vacibliyini vurğulayaraq ötən il imzalanan “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Keniya Respublikasının Enerji və Neft Nazirliyi arasında enerji sektorunda əməkdaşlıq haqqında Anlaşma Memorandumu” çərçivəsində aparılan danışıqların sahə üzrə işbirliyinin intensivləşməsinə xüsusi təsirli olduğunu dilə gətirib. Səfir qeyd edib ki, Keniya Prezidenti Bakıya səfəri zamanı SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə görüşüb.
İki ölkənin aidiyyəti qurumlarının təmaslarının davam etməsi haqqında razılıq əldə edilib.