Aİ Ermənistanın özəl sektoruna 34 milyon avro vəsait ayırıb
Avropa Komissiyası Rusiyanın tətbiq etdiyi ticarət məhdudiyyətlərindən zərər çəkən Ermənistanın özəl sektoruna dəstək məqsədilə bu ölkəyə 34 milyon avro vəsait ayırıb.
Operativ Media xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Bildirilir ki, bu, Brüsselin öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi deməkdir. Ayrılan vəsait İrəvana nəzərdə tutulan daha geniş yardım paketinin ilk bölümüdür.
Qərar Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığından cəmi iki həftə sonra qəbul edilib.
Məlumata görə, maliyyə dəstəyi ilk növbədə Rusiyanın qadağalarından ən çox zərər çəkmiş sahələrə – aqrar-sənaye, balıqçılıq, gülçülük və digər ixracyönümlü sektorlara yönəldiləcək.
Qeyd edək ki, Rusiyanın “Rosselxoznadzor” qurumu mayın sonundan etibarən Ermənistandan gətirilən bir sıra məhsullara məhdudiyyətlər tətbiq etməyə başlayıb.