Tramp: "NATO-ya xərclədiyimiz pul dəlilikdir, bizə heç bir köməyi dəymir"
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin İranla mümkün münaqişədə Vaşinqtona dəstək verməkdən imtina etməsini kəskin tənqid edib.
Operativ Media xəbər verir ki, Ağ Evdə jurnalistlərə açıqlama verən dövlət başçısı ABŞ-nin NATO-ya verdiyi maliyyə töhfələrinin həddindən artıq böyük olduğunu vurğulayıb.
Tramp Alyansın saxlanılması üçün Vaşinqtonun nəhəng vəsait ayırdığını diqqətə çatdırıb:
"Biz bütün bu pulları, yəqin ki, ildə 600 milyard dollar xərcləmişik, elə deyilmi? Bir düşünün: NATO-ya xərclədiyimiz pulun miqdarı sadəcə dəlilikdir və bunun bizə heç bir köməyi dəyməyib".
Amerika liderinin sözlərinə görə, rəsmi Vaşinqton hətta "kiçik məsələlərdə" belə müttəfiqlərindən lazımi dəstəyi ala bilmir. O, mövcud vəziyyətdə ABŞ-nin da digər ölkələrə yardım göstərməkdən imtina etmək hüququnun olduğunu bildirib.
Xatırladaq ki, Donald Tramp bundan əvvəlki bəyanatlarında da Avropa dövlətlərinin İran məsələsində ABŞ-a kömək etməkdən boyun qaçırmasını "axmaqlıq" adlandırmışdı.