Deputat: "Türkmənistan Prezidentinin səfəri dostluq münasibətlərinin növbəti təsdiqidir"
Azərbaycan və Türkmənistan xalqlarını ortaq tarixi köklər, milli-mənəvi dəyərlər və qardaşlıq münasibətləri birləşdirir. Bu iki dövlət uzun illərdir qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq əlaqələrini inkişaf etdirir. Hər iki ölkə suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində bir-birinə daim dəstək göstərir.
Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Tahir Rzayev deyib.
O bildirib ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri zamanı da bu mövqe bir daha öz təsdiqini tapdı:
"Prezident səmimi qəbula görə minnətdarlığını ifadə edərək, gələcəkdə də əməkdaşlığın genişləndirilməsi üçün bütün imkanlardan istifadə olunacağına əminliyini bildirdi.
Azərbaycan və Türkmənistan arasında nəqliyyat-logistika, iqtisadiyyat, ticarət, enerji və digər sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. Bu əməkdaşlıq hər iki dövlətin milli maraqlarına, təhlükəsizliyinin təmin olunmasına və müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edir. Bu da təbiidir, çünki ölkələrimizi dostluq, qardaşlıq və sağlam münasibətlər birləşdirir.
Prezidentlərin Zəngilana səfəri də xüsusi əhəmiyyət daşıyır. Bu səfər bir daha göstərdi ki, Türkmənistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərinə böyük maraq və dəstək göstərir. Qonaqlara həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələr, qurulan yeni infrastruktur və yaradılan müasir yaşayış məntəqələri barədə ətraflı məlumat verildi.
Prezidentlərin mətbuata verdikləri bəyanatlarda da qardaşlıq və dostluq münasibətlərinin uğurla inkişaf etdiyi xüsusi vurğulandı. Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkmənistanla əlaqələrin daha da genişləndirilməsinə böyük önəm verdiyini bildirdi.
Bir daha qeyd etmək istərdim ki, Türkmənistanın Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir. Qardaş türkmən xalqına uğurlar arzulayır, Azərbaycan-Türkmənistan münasibətlərinin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyimi ifadə edirəm”.
