Trampın təsviri olan 250 dollarlıq əskinasın xərcləri yoxlanıla bilər
ABŞ Konqresindəki Demokrat senatorlar prezident Donald Trampın təsviri olan 250 dollarlıq əskinas layihəsinin büdcə xərclərinin auditini tələb ediblər.
Bu barədə Operativ Media "Axios" portalına istinadən məlumat yayıb.
Qeyd olunub ki, Demokratlar ABŞ Maliyyə Nazirliyinin baş müfəttiş ofisinə "qanunsuz 250 dollarlıq əskinas" adlandırdıqları layihənin maliyyələşdirilməsini araşdırmaq üçün sorğu göndəriblər.
Nəşrin qeyd etdiyi kimi, ABŞ qanunları əskinaslarda və dövlət qiymətli kağızlarında sağ olan insanların təsvirlərinin istifadəsini qadağan edir. Yalnız vəfat etmiş şəxslərin portretlərinə icazə verilir.
Senatorların məktubunda deyilir ki, qiymətlərin artması fonunda Amerika hakimiyyəti Demokratların prezidentin şəxsi ambisiyaları ilə əlaqəli olduğuna inandığı bir layihəyə dövlət vəsaitlərini xərcləməkdənsə, iqtisadi problemlərin həllinə diqqət yetirməlidir.
ABŞ Maliyyə Naziri Skott Bessent daha əvvəl bildirib ki, administrasiya Konqresin təsdiqi olmadan Donald Trampın təsviri olan 250 dollarlıq əskinas buraxmaq istəməyəcək. Əgər bu baş verərsə, Tramp 150 il ərzində sağ ikən ABŞ əskinaslarında görünən ilk şəxs olacaq.