Azərbaycan və Gürcüstan arasında birgə sərhəd nəzarəti məntəqəsi yaradılacaq
Azərbaycanla Gürcüstan arasında birgə sərhəd nəzarəti məntəqəsinin yaradılması istiqamətində layihələndirmə işləri aparılır.
Operativ Media xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov "Report" İnformasiya Agentliyi və İctimai TV-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hökumət tərəfindən DGK-ya bu istiqamətdə müvafiq tapşırıqlar verilib. Hazırda Gürcüstanla sərhəddə yeni buraxılış məntəqəsinin tikintisi çərçivəsində obyektin yerləşəcəyi ərazinin seçilməsi prosesi davam edir. Növbəti mərhələlərdə isə digər texniki məsələlərin həlli nəzərdə tutulur.
Ş.Bağırov qeyd edib ki, yaradılacaq məntəqə müasir standartlara cavab verəcək və burada birgə nəzarət mexanizmi tətbiq olunacaq. Bu çərçivədə Azərbaycan və Gürcüstan gömrük xidmətləri yaxın məsafədə fəaliyyət göstərəcək, nəqliyyat vasitələrinin yoxlanışı isə sinxron şəkildə həyata keçiriləcək.
DGK sədri vurğulayıb ki, belə sistem vaxt itkisinin qarşısını almaqla yanaşı, nəzarətin səmərəliliyini artıracaq, risklərin daha operativ aşkar edilməsinə şərait yaradacaq və sərhədkeçmə prosesini sürətləndirəcək. Həmçinin nəqliyyat vasitələrinin keçidi üçün əlavə imkanlar yaradılacaq.