Dağıstan və Azərbaycan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
Dağıstan rəhbəri vəzifəsini müvəqqəti icra edən Fyodor Şukin respublikanın Bakıdakı nümayəndəsi Əliyar Abdullayevlə işgüzar görüş keçirib.
Operativ Media xəbər verir ki, bu barədə Dağıstan Respublikası rəhbərinin saytında dərc olunan materialda bildirilib.
Diplomatlar ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini, o cümlədən Azərbaycan və Dağıstan arasında ticari-iqtisadi, təhsil, mədəni və işgüzar əlaqələrin inkişafı və möhkəmləndirilməsi perspektivlərini müzakirə ediblər.
Yükdaşımaların və əmtəə dövriyyəsinin artmasına kömək edən "Şimal – Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafına xüsusi diqqət yetirilib. Prioritet investisiya layihələri sırasında Dağıstanın cənubunda 50 hektar sahədə zeytun bağının salınması və yağ zavodunun tikintisi qeyd olunub.
Bundan əlavə, 2026-cı il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Dağıstan və Azərbaycan şirkətləri arasında bir sıra sazişlər imzalanıb. Xüsusilə, Dağıstan ərazisində müasir aqrobiotexnoloji kompleksin yaradılması barədə razılıq əldə olunub. Həmçinin, Azərbaycandakı iri tikinti layihələri üçün şüşəlifli beton tədarükünə dair "Texno forma SVB" MMC və "Cristal Group" arasında müqavilə bağlanıb.
Görüş iştirakçıları Dağıstan nümayəndə heyətlərinin Əziz Əliyevin 130 illiyinə həsr olunmuş tədbirlərdə iştirakını, o cümlədən Dağıstanın "Ləzginka" Dövlət Akademik Əməkdar Rəqs Ansamblının çıxışlarını ayrıca müzakirə ediblər.
"Azərbaycan bu gün Dağıstanın ən böyük xarici ticarət tərəfdaşlarından biridir. Biz bundan sonra da Azərbaycan-Dağıstan münasibətlərini möhkəmləndirəcəyik və qarşılıqlı faydalı tərəfdaşlığı genişləndirəcəyik", - F.Şukin bildirib.