İctimai yerlərdə pulsuz internetə qoşulmağın təhlükələri - Ekspert danışır
"İnsanlar pulsuz Wi-Fi görəndə ilk düşündükləri şey internetə qənaət etmək olur. Kibercinayətkarların düşündüyü isə tamam başqadır".
Bu sözləri Operativ Media-ya açıqlamasında texnoloq Elvin Həsənov deyib.
Onun sözlərinə görə, ictimai Wi-Fi şəbəkələri bəzi hallarda dələduzlar üçün istifadəçilərə çatmağın ən asan yollarından biri olur:
“Ən böyük təhlükə isə istifadəçi qoşulduğu şəbəkənin həqiqətən həmin obyektə aid olub olmadığını bilmir. Məsələn, hər hansı bir kafedə rəsmi şəbəkə olduğu halda, kiberdələduz oxşar adla saxta şəbəkə yarada bilər. İnsan isə fərqi hiss etmədən həmin şəbəkəyə qoşulur. Belə hallarda məqsəd həmişə məlumat oğurlamaq olmur. Bəzən istifadəçi saxta giriş səhifəsinə yönləndirilir, bəzən zərərli proqram yükləməyə sövq edilir, bəzən isə internet fəaliyyəti izlənilməyə çalışılır.
Ən böyük risk isə istifadəçinin həmin şəbəkədə internet bankçılığına daxil olması və ya kart məlumatlarını paylaşmasıdır. Digər vacib məqam isə telefonlarda "Auto Join" funksiyası aktiv olduqda cihaz əvvəllər qoşulduğu açıq Wi-Fi şəbəkələrinə avtomatik qoşula bilir. Bu isə istifadəçinin xəbəri olmadan onu riskli şəbəkəyə bağlaya bilər. Ona görə bu funksiyanı deaktiv etmək və istifadə bitdikdən sonra açıq Wi-Fi şəbəkəsini unutdurmaq məsləhətdir.
İstifadəçilərə tövsiyəm odur ki, ictimai Wi-Fi şəbəkələrindən istifadə edərkən internet bankçılığına daxil olmasınlar, kart məlumatlarını paylaşmasınlar və mümkün olduqda VPN xidmətlərindən istifadə etsinlər. Həmçinin qoşulduqları şəbəkənin həqiqətən həmin obyektə məxsus olub-olmadığını əməkdaşlardan dəqiqləşdirmək faydalıdır. İstifadə bitdikdən sonra isə telefonun həmin Wi-Fi şəbəkəsinə avtomatik qoşulma funksiyasını söndürmək də əlavə təhlükəsizlik yaradır”.
