"Türk Dünyası Həftəsi": Ortaq köklərə bağlılığın və sarsılmaz birliyin bariz nümunəsi - ŞƏRH
Bakıda Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması bütün Türk dünyasının ortaq tarixi irsinin, milli-mənəvi dəyərlərinin və elmi-mədəni ənənələrinin qorunub gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu əlamətdar hadisə sadəcə mühüm bir tarixi xronologiyanın anılması deyil, o, həm də qardaş türk xalqlarının köklü birliyinə, unikal dil strukturuna və zəngin mədəniyyətinə verilən yüksək dövlət qayğısının və sarsılmaz ehtiramın ən bariz təzahürüdür. 1926-cı ildə Bakıda baş tutmuş Birinci Türkoloji Qurultay türk xalqlarının dil, ədəbiyyat, tarix və mədəniyyət platformasında inteqrasiyasını təmin edən, fundamental və çoxşaxəli bir elmi hadisə kimi tarixə düşmüşdür. Sonrakı geosiyasi proseslər və ideoloji maneələr bu unikal hərəkatın kəsintisiz davam etməsini əngəlləsə də, müasir dövrdə həmin tarixi irsin yenidən canlandırılması milli-mənəvi yaddaşın bərpası, eləcə də gələcək nəsillərin köklərinə bağlılığı baxımından strateji əhəmiyyət kəsb edir. Hazırda Türk dünyasının dörd bir yanından alimlərin, nüfuzlu tədqiqatçıların və ziyalıların yenidən Bakı arenasında bir araya gəlməsi təkcə ortaq mənəvi dəyərlərin qorunmasına xidmət etmir, həm də gələcəyə yönəlmiş yeni elmi-mədəni əməkdaşlıq üfüqlərinin müəyyənləşdirilməsi üçün qlobal bir zəmin yaradır. Bu cür tədbirlər elm, təhsil, mədəniyyət və humanitar sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə, eyni zamanda Türk dünyasının beynəlxalq müstəvidə həmrəyliyinin güclənməsinə töhfə verir.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov Operativ Media-ya açıqlamasında bildirib.
O qeyd edib ki, Birinci Türkoloji Qurultayın bir əsr əvvəl irəli sürdüyü mütərəqqi ideyalar bu gün müasir dövrün reallıqlarında uğurla həyata keçirilməkdədir:
“Türk dünyasının vahid bir ailə kimi daha da sıx birləşməsi istiqamətində mühüm nailiyyətlər əldə olunmuş, türk dövlətləri arasında qardaşlıq münasibətləri, strateji tərəfdaşlıq və mədəni-humanitar əməkdaşlıq dinamik şəkildə inkişaf etmişdir. Bu baxımdan, 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının XII Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunmasına dair çağırışın yer alması ortaq tarixi irsə bəslənilən yüksək ehtiramın bariz nümunəsidir. Həmin çağırışın davamı olaraq Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı Sərəncam imzalaması bu tarixi hadisənin əhəmiyyətini bir daha təsdiqləyir.
"Türk Dünyası Həftəsi" çərçivəsində təşkil olunan tədbirlər türk xalqlarını ortaq tarix, dil və mədəniyyət ətrafında birləşdirərək həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Həftə ərzində keçirilən elmi konfranslar, mədəniyyət tədbirləri və görüşlər zəngin tarixi-mənəvi irsin öyrənilməsi, qorunması, həmçinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Türk dövlətləri rəhbərlərinin tədbir iştirakçılarına ünvanladıqları müraciətlər də Türk dünyasında birlik və qarşılıqlı etimadın gücləndirilməsinə verilən önəmi nümayiş etdirir. Bütün bunlar göstərir ki, Birinci Türkoloji Qurultayın ideyaları bu gün də aktuallığını qoruyur, Türk dünyasının inteqrasiyasına, ortaq dəyərlərin yaşadılmasına və gələcək əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir”.
Kamran Bayramov əlavə edib ki, Birinci Türkoloji Qurultayın bir əsr əvvəl əsasını qoyduğu mənəvi xətt bu gün Türk dünyasının inteqrasiya strategiyasında öz real əksini tapır. "Türk Dünyası Həftəsi" çərçivəsində reallaşan elmi-mədəni təşəbbüslər sadəcə tarixi irsin yaşadılmasına deyil, həm də gələcək nəsillər üçün vahid və sarsılmaz bir platformanın qurulmasına xidmət edir. Bu yubiley tədbirləri bir daha sübut edir ki, ortaq köklərə əsaslanan birlik ideyası müasir dünyanın çağırışları fonunda Türk dünyasını qlobal güc mərkəzinə çevirən ən etibarlı təməldir.