Qazaxıstanda ikipalatalı parlamentin işi yekunlaşdırılacaq
Qazaxıstan Parlamentinin sonuncu birgə iclası Astanada başlayıb.
Operativ Media xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.
İclas Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə keçirilir. Dövlət başçısı ikipalatalı Parlamentin işini yekunlaşdıracaq.
Daha əvvəl Məclisin sədri Yerlan Koşanov VIII çağırışın dördüncü sessiyasının yekun plenar iclasında yekun nəticələrini ümumiləşdirərək yeni Konstitusiyanın tətbiqi, rəqəmsallaşma, iqtisadiyyat və sosial sahə ilə bağlı bir neçə əsas qanunun qəbul edildiyini qeyd etmişdi.
Koşanovun sözlərinə görə, hazırkı sessiya Qazaxıstan parlament sisteminin müasir tarixində ən vacib sessiyalardan biri olub. O xatırladıb ki, Prezident Kasım-Jomart Tokayev sessiyanın açılışında ölkənin strateji inkişaf istiqamətlərini müəyyən edib və deputatlar onların qanunvericilik aktlarının icrasını təmin ediblər.
Xatırladaq ki, Qazaxıstan Respublikasının yeni Konstitusiyası 1 iyulda qüvvəyə minəcək. Əsas yeniliklərdən biri 145 deputatdan ibarət birpalatalı Parlamentin - Kurultayın yaradılması olacaq.