ABŞ Britaniyadakı hərbi bazaların modernləşdirilməsinə 4 milyard dollar xərcləyəcək
ABŞ Böyük Britaniyadakı hərbi bazaların modernləşdirilməsinə 4 milyard dollar sərmayə qoymaq niyyətindədir.
Operativ Media xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Nəşr qeyd edib ki, bu vəsait Suffolkda nüvə silahlarının saxlanması üçün yeni bunkerlərin tikintisinə, eləcə də gizli əməliyyatlar üçün nəzərdə tutulmuş obyektlərin təkmilləşdirilməsinə istifadə olunacaq. Vəsaitlər həmçinin ABŞ-nin Avropadakı ağır bombardmançı təyyarələri üçün əsas baza olan İngiltərənin Qlosterşir şəhərindəki Fairford Hərbi Hava Qüvvələri Bazasının təkmilləşdirilməsinə də istifadə olunacaq.
Nəşrin məlumatına görə, ən böyük xərc maddəsi, təxminən 1,6 milyard dollar olaraq qiymətləndirilən Suffolkdakı Lakenheath Hərbi Hava Qüvvələri Bazasının modernləşdirilməsidir. Planlara təxminən iyirmi ildən sonra bazaya qaytarılan nüvə arsenalının yerləşdirilməsi üçün yeni infrastrukturun qurulması daxildir.
Suffolkdakı Mildenhall Hərbi Hava Qüvvələri Bazasının modernləşdirilməsi üçün daha 1,1 milyard dollar ayrılıb.