"Hizbullah"ın maliyyə şəbəkəsinə sanksiyalar tətbiq edilib
Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Mübarizə Mərkəzinin (Fars körfəzi ölkələri və ABŞ) iştirakçı dövlətləri "Hizbullah" hərəkatının maliyyə infrastrukturunun əsas elementlərinə qarşı birgə sanksiyaların tətbiq olunduğunu elan ediblər.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, beş təşkilat və 16 fiziki şəxs, o cümlədən hərəkatın iki ən böyük maliyyə strukturu - "Al-Qard Al-Hassan" (AQAH) və "Bayt al-Mal", eləcə də onların rəhbərləri sanksiyalara məruz qalıb.
Bəyanatda qeyd olunub ki, əlaqələndirilmiş tədbirlər mərkəzin iştirakçı ölkələrinin "Hizbullah"ın beynəlxalq maliyyə sistemindən istifadə imkanlarını məhdudlaşdırmaq sadiqliyini təsdiqləyir. Yeni sanksiya siyahısındakı bütün fiqurantlar daha əvvəl ABŞ-nin sanksiya siyahısına daxil edilib.
Mərkəzin qiymətləndirməsinə görə, sanksiya siyahısına daxil edilmiş şəxs və təşkilatların fəaliyyəti regional sabitliyə, beynəlxalq təhlükəsizliyə və dünya ticarətinə təhlükə yaradır. Qeyd olunur ki, "Hizbullah"ın maliyyə resurslarına çıxışının məhdudlaşdırılması beynəlxalq maliyyə sisteminin qorunmasına, Livan xalqının dəstəklənməsinə və terror şəbəkələrinə qarşı mübarizəyə yönəlib.
Hazırkı paket Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Mübarizə Mərkəzinin ABŞ-nin indiki administrasiyası dövründəki üçüncü, mərkəzin 2017-ci ilin mayında yaradılmasından bəri isə doqquzuncu sanksiya qərarı olub.