İran rəsmisi: ABŞ ordusunun regiondan çıxması Yaxın Şərqdə təhlükəsizliyin əsas şərtidir
Hörmüz boğazı ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) aid deyil və İranın nəzarətindədir.
Operativ Media xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi "X" sosial şəbəkə hesabında yazıb.
"Bəhreyn Müdafiə Qüvvələri Fars körfəzi üçün hüquqi nizam və təhlükəsizlik yarada bilməz", - o bildirib və əlavə edib ki, regionun təhlükəsizliyi müdaxilənin başa çatması, ABŞ ordusunun regiondan çıxarılması, ölkələrin suverenliyinə hörmət və yeni geosiyasi reallıqların qəbul edilməsi ilə təmin edilir.
Onun sözlərinə görə, Amerikanın hərbi çətiri altında regionda sabitlik yarana bilməz.
K. Qəribabadi bununla CENTCOM-un Bəhreyndə keçirilən görüşün yekunlarına dair bəyanatına cavab verib.
Xatırladaq ki, CENTCOM iyulun 1-də Bəhreynin ev sahibliyi etdiyi regional təhlükəsizlik dialoquna rəhbərlik edib. "CENTCOM komandanı Bred Kuper, Bəhreyn, Misir, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri və Yəməndən olan yüksəkrütbəli hərbi rəsmilər mövcud regional təhlükəsizlik mühiti, müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər", - CENTCOM-un bəyanatında bildirilib.
Qeyd olunub ki, Hörmüz boğazı vasitəsilə ticarətin sərbəst axınına sadiqlik vurğulanıb: "Biz regional tərəfdaşlarımızla çiyin-çiyinə dayanmağa davam edirik. ABŞ və regional tərəfdaşları Yaxın Şərqdə dünyanın ən qabaqcıl raketdən müdafiə çətirini idarə edirlər. Yanvar ayında CENTCOM və region ölkələri məlumatların, təhdid xəbərdarlıqlarının paylaşılması, həmçinin gözlənilməz hallara reaksiya verilməsi məqsədilə yeni Yaxın Şərq Hava Hücumundan Müdafiə koordinasiya bölməsini yaradıb.
Bu təhlükəsizlik dialoqu Suriya və Livandan olan hərbçilərin ilk dəfə olaraq ABŞ-nin rəhbərlik etdiyi regional müdafiə konfransında iştirak etməsi ilə əlamətdar olub".