Yay istisi yenidoğulmuşlar üçün hansı riskləri yaradır? – Pediatr xəbərdarlıq edir
Yenidoğulmuş dedikdə doğulduğu gündən həyatının 28-ci gününə qədər olan dövrdəki körpələr nəzərdə tutulur. Yay aylarında bu körpələri istinin mənfi təsirlərindən qorumaq üçün bir sıra vacib məqamlara diqqət yetirmək lazımdır. Bunlara geyim seçimi, otaq temperaturu, maye balansı, günəş şüalarından qorunma, dəriyə qulluq və bezin tez-tez dəyişdirilməsi daxildir.
Bu sözləri Operativ Media-ya açıqlamasında pediatr Taliyə Əliyeva deyib.
O bildirib ki, yenidoğulmuşlarda bədən temperaturunu tənzimləyən mexanizmlər hələ tam formalaşmadığı üçün onlar istiyə daha həssas olurlar. Məhz buna görə də ətraf mühitin temperaturuna xüsusi diqqət yetirilməlidir:
“Otaq temperaturunun 22–24 dərəcə Selsi arasında saxlanılması tövsiyə olunur. Bunun üçün kondisionerdən istifadə etmək olar. Ancaq kondisionerin hava axını birbaşa körpənin üzərinə yönəlməməlidir.
Geyim seçimi də çox vacibdir. Körpəyə mövsümə uyğun, nazik və nəfəs alan pambıq parçadan hazırlanmış geyimlər geyindirilməlidir. Sintetik parçalar havanı yaxşı keçirmədiyi üçün tərləməni artırır. Həddindən artıq qalın və ya sıx geyimlər isə bədəndə istiliyin artmasına, tərləməyə və nəticədə istilik səpkisi, yəni pişik əmələ gəlməsinə səbəb ola bilər.
Qidalanmaya gəldikdə isə, ana südü ilə qidalanan körpələrin yay aylarında daha tez-tez əmizdirilməsi tövsiyə olunur. Çünki ana südünün təxminən 85 faizi sudan ibarətdir və bu, körpənin maye ehtiyacını ödəməyə kifayət edir. Buna görə ilk altı ay ərzində yalnız ana südü ilə qidalanan körpələrə əlavə su verilməsinə ehtiyac olmur.
Süni qida ilə qidalanan körpələrdə isə əlavə maye verilib-verilməməsi məsələsi mütləq pediatrla məsləhətləşdirilməlidir. Əksər hallarda buna ehtiyac olmasa da, qərar körpənin vəziyyətinə uyğun fərdi qaydada verilir.
Günəş şüalarına gəlincə, ilk altı ay ərzində körpələrin birbaşa günəş altında qalması məsləhət görülmür. Körpəni açıq havaya çıxarmaq lazım olduqda bunu səhər saat 11:00-a qədər və ya axşam saat 16:00-dan sonra etmək daha məqsədəuyğundur. Belə saatlarda günəş şüalarının intensivliyi daha aşağı olur və körpə üçün risk azalır.
Günəşdən qoruyucu kremlərlə bağlı müxtəlif yanaşmalar mövcuddur. Bəzi beynəlxalq tövsiyələr günəşə çıxarkən SPF tərkibli kremlərdən istifadəni məsləhət görsə də, ilk altı ayda bununla bağlı vahid fikir yoxdur. Bəzi mənbələr istifadəsini tövsiyə edir, bəziləri isə etmir.
Mən isə praktikada ilk altı ay ərzində günəşdən qoruyucu kremlərin istifadəsini tövsiyə etmirəm. Çünki yenidoğulmuş və kiçik körpələrin dərisi daha həssas və daha keçirici olur. Bu səbəbdən dəriyə çəkilən maddələrin müəyyən hissəsi sorularaq orqanizmə keçə bilər. Buna görə də mənim yanaşmam ilk altı ayda körpəni günəşdən qorumağın ən təhlükəsiz yolunun birbaşa günəş şüalarından uzaq saxlamaq, kölgədə gəzdirmək və uyğun geyimdən istifadə etməkdir.
Bundan başqa, yay aylarında bezin tez-tez dəyişdirilməsi də çox vacibdir. Nəm bez dərinin uzun müddət rütubətli qalmasına səbəb olur ki, bu da bez dermatiti və göbələk infeksiyalarının yaranma riskini artırır. Eyni zamanda bez bədənin geniş bir hissəsini örtdüyü üçün həmin nahiyədə istiliyin artmasına və tərləməyə şərait yaradır. Buna görə də bez çirkləndikcə və ya islandıqca vaxtında dəyişdirilməlidir.
Valideynlər bəzi əlamətlərə qarşı xüsusilə diqqətli olmalıdırlar. Körpədə bədən hərarətinin yüksəlməsi, qidalanmaqdan imtina etməsi, sidik ifrazının azalması və ya susuzlaşma əlamətlərinin meydana çıxması həkimə müraciət üçün ciddi səbəblərdir.
Normal qidalanan körpədə sutka ərzində təxminən 5–6 ədəd sidiklə dolu bezin olması onun maye və qida ehtiyacının ödənildiyini göstərən göstəricilərdən biridir. Əgər sidik ifrazı azalırsa, sidiyin rəngi tündləşirsə və ya bezdə narıncı rəngli ləkələr görünürsə, bu, urat duzlarının artmasına və orqanizmdə maye çatışmazlığına işarə edə bilər.
Belə hallarda vaxt itirmədən pediatra müraciət etmək lazımdır. Erkən müdaxilə həm susuzlaşmanın, həm də istinin yaratdığı digər fəsadların qarşısını almağa kömək edir”.
