Münxendə su böhranı ilə bağlı fövqəladə vəziyyət elan edildi
Almaniyanın cənubunda, Bavariyanın paytaxtı Münxendə rekord istilər, quraqlıq və yeraltı suların səviyyəsinin aşağı düşməsi səbəbindən su təchizatı ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Operativ Media "Bild"ə istinadən xəbər verir ki, bunu şəhərin meri Dominik Krauze bildirib.
"Biz 1970-ci illərin əvvəllərindən bəri görünməyən müstəsna vəziyyətlə üz-üzəyik. Davamlı istilər səbəbindən suya olan tələbatın əhəmiyyətli dərəcədə artması Münxenin bələdiyyə su təchizatı sistemini son həddə çatdırır. Buna görə də biz şəhər olaraq suya qənaət etmək üçün dərhal tədbirlər görəcəyik", - o vurğulayıb.
Şəhər meri həmçinin vəzifəsi qalan ehtiyatları qoruyub saxlamaq üçün tədbirlər işləyib hazırlamaq olan işçi qrupu yaradıb.
Nəşr dəqiqləşdirib ki, hazırda içməli su təchizatı sabit olaraq qalır. Bununla yanaşı, Münxendə mühüm məhdudiyyətlər tətbiq edilir, məsələn, pəncərələrin yuyulması işləri dayandırılır, 150 dekorativ şəhər fəvvarəsindən ən azı 10-u söndürüləcək və bu tədbir, ilk növbədə, böyük həcmdə su sərf edən fəvvarələrə şamil ediləcək.
Bundan əlavə, yerli sakinlərə su istehlakını azaltmaq tövsiyə edilib: avtomobilləri yumamaq, vanna əvəzinə duş qəbul etmək, dişləri fırçalayarkən kranı bağlamaq və hovuzları doldurmamaq.