Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı açıqlama verib ki, dünyada hər altı nəfərdən biri sonsuzluqdan əziyyət çəkir.
Azərbaycanda sonsuzluqla bağlı vəziyyət necədir və sonsuzluğu hansı amillər yaradır?
Mövzu ilə bağlı mütəxəssis Mama-ginekoloq Rəşad Sultan qeyd edib ki, müasir dövrdə sonsuzluğun artmasının müəyyən səbəbləri var, bunlardan biri cinsi yola keçən xəstəliklər, digəri isə qadınların sosial həyatı ilə bağlıdır.
“Qeyd edim ki, illərdir sonsuzluğun statistikasını 15 faiz bilirik. Sonsuzluğun şamil olduğu şəxslər hansı ki, bir ildən çox övlad sahibi olmayan cütlüklərdir. Müasir dövrdə sonsuzluğun artmasının müəyyən səbəbləri var, bunlardan biri cinsi yolla keçən xəstəliklər, digəri isə qadınların sosial həyatı ilə bağlıdır. İndi xanımlar müəyyən yaş dövrünə kimi ailə qurmaq istəmir, əvvələr xanımlar 22-23 yaşında ailə qururdusa hazırda bu 30 yaş olub.
Nəzərə alsaq ki, 35 yaşından sonra xanımlarda yumurta ehtiyatı tükənməyə başlayır əlbəttə ki, bu sonsuzluqla nəticələnəcək. Azərbaycanda sonsuzluğa qarşı müalicə üsulları dünya səhiyyəsi ilə eyni mövqedədir. Elm və texnika nə qədər inkişaf etsə də, əlimizdə olan müalicə üsulu elə 40 il bundan əvvəl tətbiq edilən süni yəni (bədəndən kənar) mayalanmadır. Ölkəmizdə bu müalicə üsulu 2004-cü ildən tətbiq olunur.
Süni mayalanmada bir neçə dəyişən detallar var. Qeyd etmək istəyirəm ki, süni mayalanma vastəsilə hər zaman yüz faiz hamiləlik baş vermir, hərdən uğursuz nəticələr də olur. Süni mayalanmadan sonra hələki nə dünya səhiyyəsində, nə Azərbaycanda elə bir yenilik yoxdur.
Tibb elmində, süni mayalanma zamanı ruşeymi ana bətninə qoymazdan öncə hansısa genetik xəstəliklər aşkar ediriksə, onlar çıxarılır, sağlam uşaq ana bətninə yerləşdirilir. Başqa bir üsul da var, yumurtalığı tükənmiş qadınlar donor vasitəsilə hamilə qala bilər bu üsul kilimaks dövürdə olan qadınlar üçün ümid işığıdır.
Övlad sahibi olmaq üçün süni mayalanma üsulu çox önəmli faktordur, lakin təəssüflər olsun ki, insanlar buna çox pul və zaman xərcləmək məcburiyyətindədir. Hazırkı vəziyyətdə sonsuzluqla mübarizə zamanı bir çox müalicə üsullarından və süni mayalanmadan başqa əlimizdə daha qısa, radikal bir seçim yoxdur, amma hər kəs bir şəkildə ana ola bilər”.
Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin son statistik müəlumatlarına görə 2020-ci ildə 18-29 yaş aralığında sonsuzluqla üzləşən şəxslərdən 117-si kişi, 798 nəfəri isə qadın olub 30 yaşdan yuxarı isə kişilərdə 680 nəfər qadınlarda isə 1290 nəfər sonsuzluqdan əziyyət çəkib.
2021-ci ildə 18-29 yaş aralığında sonsuzluqla üzləşən şəxslərdən 102-si kişi, 759 nəfəri isə qadın olub. 30 yaşdan yuxarı şəxslərdə vəziyət daha acınacaqlıdır kişilərdə 341, qadınlar isə 1313 nəfərdə sonsuzluq qeydə alınıb.
Ayşən Azadova