Tramp Ankarada Zelenski ilə görüşəcək
ABŞ Prezidenti Donald Tramp iyulun 8-də Ankaredə keçiriləcək NATO sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşməyi planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin iyulun 5-də yaydığı ABŞ liderinin iş qrafikindən məlum olur.
ABŞ lideri iyulun 7-də Ankaraya gələcək və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. İyulun 8-də isə Tramp sammit tədbirlərindən sonra Zelenski (Bakı vaxtı ilə 15:30) və Suriya Prezidenti Əhməd əş-Şəraa (Bakı vaxtı ilə 16:30) ilə mətbuata qapalı formatda ikitərəfli görüşlər keçirəcək.
Bakı vaxtı ilə saat 17:15-də Tramp mətbuat konfransında çıxış edəcək. Bundan sonra o, ABŞ-yə geri dönəcək.
"Reuters" agentliyinin iyulun 5-də yüksəkrütbəli ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, Tramp Zelenski ilə Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə etmək niyyətindədir. Bu görüşdən sonra ABŞ liderinin böyük ehtimalla Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlayacağı gözlənilir.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl bildirmişdi ki, Putin Trampla telefon danışığı zamanı Moskvanın Ukrayna münaqişəsinin Rusiya yanaşmaları əsasında diplomatik yolla nizamlanmasına hazır olduğunu qeyd edib. O əlavə edib ki, prezidentlər Trampın Türkiyədə keçiriləcək NATO sammitində gözlənilən iştirakını da nəzərə almaqla Ukrayna böhranının nizamlanması mövzusuna toxunublar.