Menyu

Təbii və keyfiyyətli zeytun yağı necə seçilməlidir? – Vacib məqamlar

Ayşən Sadıxzadə
Təbii və keyfiyyətli zeytun yağı necə seçilməlidir? – Vacib məqamlar

Zeytun yağı orqanizm üçün ən faydalı yağlardan biri hesab olunur. Çünki zeytunun tərkibi A, D, E və K vitaminləri ilə zəngindir. Xüsusilə yerli zeytundan əldə olunan yağ orqanizm tərəfindən daha asan mənimsənilir. Bu baxımdan yerli zeytun yağlarına üstünlük vermək daha məqsədəuyğundur.

Bu sözləri Operativ Media-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. 

O bildirib ki, təbii zeytun yağı alarkən ilk növbədə mənşəyi bəlli olan istehsalçıların məhsullarını seçmək lazımdır:

"Çünki bəzən mənşəyi məlum olmayan, qablaşdırılmasında düzgün qaydalara əməl edilməyən, "orqanik məhsul" adı altında satışa çıxarılan zeytun yağlarına da rast gəlinir. Buna görə də məhsulun etiketində yer alan məlumatlara diqqət yetirmək vacibdir.

Etiketdə istehsalçı müəssisə haqqında ətraflı məlumat, ünvan, əlaqə vasitələri, istehsal və son istifadə tarixi, eləcə də məhsulun tərkibi tam şəkildə göstərilməlidir. Bu məlumatlar məhsulun etibarlı mənbədən əldə olunduğunu təsdiqləyən əsas göstəricilərdən biridir.

Yetişdirilmə üsulu da mühüm əhəmiyyət daşıyır. Sintetik gübrə və pestisidlərdən istifadə olunmadan, təbii üsullarla yetişdirilən zeytunlardan əldə edilən yağlar daha faydalı hesab olunur.

Zeytun yağının rəngi adətən sarımtıl-yaşıl və ya qızılı-sarı olur. Bəzən yağın bulanıq olması onun təbii xüsusiyyəti ilə bağlıdır. Lakin rəngin həddindən artıq parlaq sarı və ya tünd yaşıl olması tərkibinə qida boyalarının əlavə edilməsi ehtimalını yarada bilər. Dibində az miqdarda çöküntünün olması və ya tam şəffaf görünməməsi isə orqanik zeytun yağı üçün normal hal sayıla bilər.

Keyfiyyətli zeytun yağının qoxusu təzə və xoş olmalıdır. Əgər yağın qoxusu yoxdursa və ya çox zəifdirsə, bu, onun təbii olmamasından xəbər verə bilər.

Dadı da xoş və yüngül zeytun tamı verməli, istifadə edildikdən sonra ağızda xoş dad saxlamalıdır. Əgər dadı kəskin olarsa və ağızda uzun müddət acılıq hissi qalarsa, bu, tərkibində əlavə qatqıların olmasına işarə edə bilər.

Ən keyfiyyətli zeytun yağları "soyuq sıxım" və ya "extra virgin" adı ilə satışa çıxarılır. Bu yağın mexaniki üsulla əldə edildiyini göstərir və onun tərkibindəki faydalı maddələrin daha yaxşı qorunduğunu ifadə edir.

Məhsul seçərkən tünd rəngli şüşə qablaşdırmada olan zeytun yağlarına üstünlük verilməlidir. Belə qablaşdırma məhsulu işığın mənfi təsirindən qoruyur. Eyni zamanda yağın satış məntəqəsində sərin və günəş şüalarından uzaq yerdə saxlanılmasına da diqqət yetirilməlidir.

Əgər zeytun yağından uzun müddət istifadə olunacaqsa, 250–500 millilitrlik qablaşdırmaları seçmək daha məqsədəuyğundur. Çünki qab hər açıldıqda yağ oksigenlə təmas edir, bu da tərkibində müəyyən dəyişikliklərə səbəb ola bilər.

Evdə zeytun yağını 15–22 dərəcə temperaturda, qaranlıq və sərin yerdə saxlamaq tövsiyə olunur. Həmçinin məhsul alarkən rəf ömrünə də diqqət yetirmək vacibdir. Bəzi hallarda uzun rəf ömrünə malik məhsullarda müxtəlif kimyəvi qatqılardan istifadə oluna bilər. Buna görə də seçim zamanı bu məqama da xüsusi diqqət yetirilməlidir”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər