Səudiyyə Ərəbistanı İrandan ərəb ölkələrinə hücumları dayandırmağı tələb edib
Səudiyyə Ərəbistanı İrandan Küveyt və Bəhreynə qarşı hücumları dərhal dayandırmağı tələb edib və bu hərəkətlərin fəsadlarına görə məsuliyyəti Tehranın üzərinə qoyub.
Operativ Media xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
"Nazirlik regionda təhlükəsizliyin, sabitliyin və sülhün qorunması üçün İrandan bu hərəkətləri dərhal dayandırmağı tələb edir", – deyə bəyanatda qeyd olunur. Ər-Riyad, həmçinin Küveyt və Bəhreyn ilə tam həmrəy olduğunu bildirərək, onların öz ərazilərini qorumaq üçün gördükləri hər bir tədbiri dəstəklədiyini vurğulayıb.
Daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH – İran Silahlı Qüvvələrinin elitar bölmələri) ABŞ-nin İran ərazisinə etdiyi hücuma cavab olaraq, Amerikanın Bəhreyn və Küveytdəki hərbi obyektlərinə zərbələr endirdiyini bəyan etmişdi. Çərşənbə axşamı isə Hörmüz boğazında Qətərə məxsus mayeləşdirilmiş təbii qaz (MTQ) tankeri və Səudiyyə Ərəbistanına məxsus neft tankeri hücuma məruz qalıb.