Yay aylarında dəri xəstəlikləri niyə artır? - Həkim danışır
Yay aylarında dəri xəstəliklərinin artması müşahidə olunan hallardandır. Bunun əsas səbəbləri günəş şüalarının intensivləşməsi, yüksək temperatur, rütubət, tərləmənin artması və müxtəlif allergik amillərlə bağlıdır.
Bu fikirləri Operativ Media-ya açıqlamasında dermatoloq Nadir Əhmədli səsləndirib.
Həkimin sözlərinə görə, yay aylarında günəşin ultrabənövşəyi (UV) şüaları dəriyə ciddi təsir göstərir:
“Uzun müddət günəş altında qalmaq günəş yanıqlarına, dəridə qızartı, ağrı və soyulmaya səbəb olur. Eyni zamanda, uzunmüddətli UV şüalanması dəri xərçəngi riskini artırır, dərinin vaxtından əvvəl qocalmasına, qırışların və piqment ləkələrinin yaranmasına gətirib çıxarır. Bəzi dərman preparatları da dərinin günəşə qarşı həssaslığını artıraraq bu riskləri yüksəldə bilər.”
Dermatoloq qeyd edib ki, isti hava və yüksək rütubət göbələk və bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır:
“Bu səbəbdən yay aylarında göbələk infeksiyaları, qasıq nahiyəsinin göbələk xəstəlikləri, stafilo- və streptokok mənşəli dəri infeksiyaları daha çox müşahidə edilir. Digər tərəfdən, tərləmə və dəridə yığılan çirk məsamələri tıxayaraq sızanaq və iltihabın yaranmasına səbəb ola bilər.”
N. Əhmədli yay mövsümündə həşəratların da daha aktiv olduğunu bildirib:
“Ağcaqanad və digər həşərat sancmaları qaşıntı, qızartı və allergik dəri reaksiyaları yarada bilər. Bundan əlavə, yayda bol istehlak olunan çiyələk, qarpız və digər meyvə-tərəvəzlər həssas insanlarda allergik səpgilərə səbəb ola bilər.”
Onun sözlərinə görə, kondisionerlərin uzun müddət işləməsi də dəriyə mənfi təsir göstərir:
“Kondisionerlər havanı qurudur, nəticədə dəri nəmliyini itirir, quruluq və həssaslıq artır. Həmçinin bəzi xroniki dəri xəstəlikləri mövsümi xarakter daşıdığı üçün məhz yay aylarında daha çox kəskinləşir.”
Dermatoloq dəri sağlamlığının qorunması üçün bir sıra tövsiyələr də verib:
“Günəşdən qoruyucu kremlərdən müntəzəm istifadə edin, dərini nəmləndirin, tərlədikdən sonra duş qəbul edin və pambıq, nəfəs alan geyimlər seçin. Əgər yay aylarında dərinizdə uzun müddət keçməyən qızartı, güclü qaşınma və ya infeksiya əlamətləri yaranarsa, mütləq dermatoloqa müraciət edin.”