Qaraciyər yağlanmasının qarşısını necə almaq olar? - Vacib məsləhətlər
Qaraciyər yağlanması son illərdə ən çox rast gəlinən qaraciyər xəstəliklərindən birinə çevrilib. Sağlam həyat tərzi və düzgün qidalanma bu problemin qarşısının alınmasında əsas rol oynayır.
Bu fikirləri Operativ Media-ya açıqlamasında qastroenteroloq Ülviyyə Talıbova bildirib.
Həkimin sözlərinə görə, ilk növbədə sağlam bədən çəkisini qorumaq vacibdir:
“Artıq çəki varsa, onu tədricən azaltmaq lazımdır. 6–12 ay ərzində bədən çəkisinin 5–10 faiz azalması belə qaraciyərdə yağlanmanın əhəmiyyətli dərəcədə azalmasına kömək edə bilər.”
Qastroenteroloq bildirib ki, qidalanma vərdişlərinin dəyişdirilməsi də mühüm əhəmiyyət daşıyır:
“Şəkər və rafinə olunmuş karbohidratların, yəni şirniyyatların, qazlı içkilərin, ağ çörəyin və xəmir məmulatlarının qəbulu məhdudlaşdırılmalıdır. Əvəzində tərəvəz, meyvə, tam taxıllar, paxlalılar, balıq və zeytun yağı ilə zəngin qidalanmaq tövsiyə olunur. Bu baxımdan Aralıq dənizi tipli qidalanma qaraciyər sağlamlığı üçün ən faydalı qidalanma modellərindən biridir.”
Ü. Talıbova fiziki aktivliyin də qaraciyər yağlanmasının qarşısının alınmasında mühüm rol oynadığını vurğulayıb:
“Həftə ərzində ən azı 150 dəqiqə orta intensivlikdə fiziki aktivliklə məşğul olmaq, məsələn, sürətli gəzinti və ya velosiped sürmək tövsiyə edilir.”
Həkim qeyd edib ki, yanaşı xəstəliklərin nəzarətdə saxlanılması da böyük əhəmiyyət kəsb edir:
“Şəkərli diabet, yüksək xolesterin və arterial hipertenziyası olan şəxslər bu xəstəlikləri mütləq həkim nəzarəti altında idarə etməlidirlər. Əks halda qaraciyər yağlanmasının irəliləmə riski artır.”
Onun sözlərinə görə, alkoqol qəbulu və nəzarətsiz dərman istifadəsi də qaraciyərə ciddi zərər verə bilər:
“Alkoqol qəbulunu mümkün qədər məhdudlaşdırmaq, hətta imtina etmək tövsiyə olunur. Bundan başqa, həkim məsləhəti olmadan lazımsız dərman və bitki tərkibli əlavələrin qəbulundan çəkinmək lazımdır.”
Sonda qastroenteroloq profilaktik müayinələrin vacibliyini də vurğulayıb:
“Risk qrupuna daxil olan şəxslər mütəmadi olaraq qaraciyər fermentlərini yoxlatdırmalı, zərurət yarandıqda isə qaraciyərin ultrasəs müayinəsindən keçməlidirlər. Erkən diaqnoz və vaxtında görülən tədbirlər qaraciyər yağlanmasının ağırlaşmalarının qarşısını almağa kömək edir.”