CNN: İsrail yaxın günlərdə ələ keçirdiyi ərazilərin bir hissəsini Livana qaytaracaq
İsrail hakimiyyəti yaxın günlərdə Livanın yəhudi dövlətinin qoşunları tərəfindən işğal olunmuş bəzi əraziləri üzərində nəzarəti Beyruta qaytarmağa hazırlaşır.
Operativ Media xəbər verir ki, bu barədə “CNN” telekanalı ABŞ administrasiyasının adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.
Hazırda İsrailin nəzarətində olan ilk "pilot zona" bir neçə gün ərzində Livanın idarəçiliyinə veriləcək. Telekanalın məlumatına görə, amerikalı rəsmi bildirib ki, növbəti "pilot zona"lar artıq xəritələrdə müəyyən edilib və ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu istiqamətdə irəliləyişə nail olmaq üçün hər iki ölkə ilə qarşılıqlı fəaliyyət göstərir.
ABŞ administrasiyasının rəsmisi həmçinin əlavə edib ki, Livan hökumətinə həm bu zonalarda, həm də bütövlükdə ölkə ərazisində suverenliyi effektiv şəkildə bərpa etməkdə kömək göstərmək üçün Vaşinqton tezliklə beynəlxalq tərəfdaşlarla əlaqə saxlayacaq.
Qeyd olunur ki, gələn həftə Romada tərəflərin nümayəndələri arasında bu məsələ ilə bağlı qapalı formatda danışıqlar aparılacaq.
Xatırladaq ki, iyunun 26-da Livan və İsrail ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda keçirilən beş mərhələli danışıqlardan sonra çərçivə sazişi imzalayıblar. Həmin sənədə əsasən, Livan silahlı qüvvələri ölkənin bütün ərazisi üzərində effektiv suveren nəzarəti mərhələli şəkildə bərpa edəcək. Saziş çərçivəsində qeyri-hökumət silahlı birləşmələrinin tərksilah edilməsi və onların hərbi infrastrukturunun ləğv olunması nəzərdə tutulur ki, bu da öz növbəsində İsrail qoşunlarının Cənubi Livandan çıxarılması üçün lazımi şərait yaradacaq.