Almaniyada anomal istilər 5 mindən çox şəxsin həyatına son qoyub
Almaniyada iyunun sonunda müşahidə edilən güclü isti hava dalğası 5100 nəfərin ölümünə səbəb olub.
Operativ Media xəbər verir ki, bu barədə Robert Kox İnstitutunun istilərlə əlaqədar ölüm halları üzrə həftəlik hesabatında bildirilib.
İnstitutun hazırladığı modelə əsasən, iyunun 22-28-ni əhatə edən ən isti həftədə temperatur bəzi bölgələrdə 40 dərəcəni, ayrı-ayrı yerlərdə isə 41 dərəcəni ötüb. Ölənlərin 80 faizdən çoxunu yaşı 75-dən yuxarı şəxslər təşkil edib.
İnstitut qeyd edib ki, Almaniya Federal Statistika İdarəsinin hesablamaları eyni həftədə 6800 ölüm halının müşahidə olunduğunu, bunun da ekstremal istilərin təsirinin daha böyük ola biləcəyini göstərdiyi bildirilib.
Hesabatda vurğulanıb ki, Almaniyada istilərlə bağlı ölüm halları ciddi ictimai sağlamlıq problemi olaraq qalır. Xüsusilə yaşlılar, ürək-damar, tənəffüs sistemi və böyrək xəstəliklərindən, eləcə də demensiyadan əziyyət çəkən şəxslər yüksək risk qrupuna daxildir. İnstitut isti hava dalğalarının təsirini azaltmaq üçün kölgəlik sahələrin yaradılması, binaların sərinləşdirilməsi, maarifləndirmə kampaniyaları və istilərə qarşı fəaliyyət planlarının hazırlanmasının vacibliyini qeyd edib.