Menyu

Pandemiyadan illər keçsə də, fəsadları bitmir: Hansı xəstəliklər artıb?

Ayşən Sadıxzadə
Pandemiyadan illər keçsə də, fəsadları bitmir: Hansı xəstəliklər artıb?

COVID-19 pandemiyasının pik mərhələsindən illər keçməsinə baxmayaraq, onun insan orqanizmində buraxdığı dərin izlər və fəsadlar hələ də davam edir. Aparılan son elmi tədqiqatlar və tibbi müşahidələr göstərir ki, virus sadəcə tənəffüs sistemini zədələməklə kifayətlənməyib, müxtəlif orqan və sistemlərdə xroniki problemlərə yol açıb.

Nevroloq Röyanə Quluzadə Operativ Media-ya bildirib ki, xəstəliyi yüngül keçirən şəxslərdə belə aylarla, bəzən isə illərlə davam edən nevroloji şikayətlər müşahidə olunur:

"Pandemiyadan sonra ən çox rast gəlinən problemlər sırasına davamlı baş ağrıları, miqren tutmalarının artması, diqqət və yaddas zəifliyi ilə müşayiət olunan beyin dumanı, yuxusuzluq, başgicəllənmə, tarazlıq pozğunluğu, aylarla davam edən qoxu və dad itkisi daxildir. Həmçinin əl-ayaqlarda keyimə, yanma, xroniki yorğunluq, narahatlıq və depressiya kimi psixonevroloji problemlər də geniş yayılıb. Bu şikayətlərin əsas səbəbləri orqanizmdəki iltihabi proseslər, immun sisteminin həddindən artıq aktivləşməsi, damar pozğunluqları, sinir hüceyrələrinin zədələnməsi, uzunmüddətli stress və hərəkətsiz həyat tərzidir".

Tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla vurğulayıb ki, dünyanın aparıcı elmi qurumları tərəfindən tədqiqatlar hələ də davam edir və yekun mənzərə tam formalaşmayıb:

"Bununla belə, pandemiyadan sonra bəzi autoimmun və onkoloji xəstəliklərin rastgəlmə tezliyində artım tendensiyası diqqət çəkir. Bu artımın birbaşa virusla, yoxsa immun sisteminin zəifləməsi ilə bağlı olduğu hələ də dəqiq müəyyən edilməsə də, mütəxəssislər pandemiyanın bu proseslərə təsirini istisna etmirlər. Xəstəlikdən sağalmaq orqanizmin tamamilə əvvəlki vəziyyətinə qayıtması demək deyil və postpandemik dövrdə yaranan ağırlaşmalar ümumi epidemioloji qiymətləndirmədə mütləq nəzərə alınmalıdır".

Terapevt Sübhan Hacıyevın sözlərinə görə, həkimlərin gündəlik praktikasında uzunmüddətli halsızlıq, tez yorulma, yaddaş zəifliyi, depressiv əlamətlər, ürəkdöyünmə, nəfəs darlığı, oynaq-əzələ ağrıları və təkrarlayan tənəffüs yolu infeksiyaları ilə müraciətlər ciddi şəkildə artıb.

O, xəbərdarlıq edir ki, bu əlamətlər adi yorğunluq kimi qəbul edilməməli, simptomlar uzun müddət davam etdikdə erkən diaqnostika və ağırlaşmaların qarşısını almaq üçün mütləq həkim müayinəsindən keçilməlidir.

Endokrinoloq Turan Bağırova isə bildirir ki, postpandemiya dövründə endokrinoloji şikayətlərin və diaqnozların artmasında həm infeksiyanın özü, həm də karantin dövründəki oturaq həyat tərzi, çəki artımı və xroniki stress mühüm rol oynayıb:

"Hazırda artıq çəki, piylənmə, insulin müqaviməti və ikinci tip şəkərli diabet diaqnozlarında artım müşahidə olunur. COVID-19 genetik və ya metabolik meyilliyi olan insanlarda diabetin üzə çıxmasını sürətləndirən bir tətikləyici amil ola bilər, lakin bu, hər diabet halının birbaşa virusdan qaynaqlandığı anlamına gəlmir. Digər tərəfdən, postpandemiya dövründə qarşılaşan yorğunluq, halsızlıq və saç tökülməsi kimi əlamətlər təkcə post-COVID sindromu ilə deyil, həm də qalxanabənzər vəzi xəstəlikləri, dəmir, D və B12 vitaminləri çatışmazlığı ilə bağlı ola bilər. Qalxanabənzər vəzi xəstəliklərinin qeydiyyatındakı artım isə daha çox insanların profilaktik müayinələrə marağının artması və xəstəliklərin daha tez aşkarlanması ilə əlaqədardır. Həkim vurğulayır ki, bu növ simptomları kor-koranə yalnız COVID-19 ilə əlaqələndirmək düzgün deyil və dəqiq səbəbi müəyyən etmək üçün həkim müayinəsi vacibdir.".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər