İsraildə parlament seçkilərinin keçiriləcəyi dəqiq tarix məlum olub
İsraildə Knessetə (parlamentə) növbəti seçkilərin cari il oktyabrın 27-də keçiriləcəyi rəsmən təsdiqlənib.
Operativ Media xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb. Səsvermənin dəqiq tarixi Knessetin işləri üzrə komissiyasının iclasında elan edilib. Müvafiq tarixi komissiyanın sədri, hakim "Likud" partiyasının deputatı Ofir Kats açıqlayıb.
Məlumata görə, Knessetin hazırkı 25-ci çağırışı səlahiyyət müddətinin sonunadək fəaliyyət göstərəcək və iyulun 17-də buraxılacaq. Bununla da, qanunverici orqanın əvvəllər planlaşdırılan vaxtından əvvəl buraxılması baş tutmayacaq. Halbuki, cari ilin may ayında hakim koalisiya bu prosesə başlamışdı və növbədənkənar seçkilərin sentyabrda keçirilə biləcəyi gözlənilirdi.
Qeyd olunur ki, ölkədə son 40 ildə ilk dəfədir parlament vaxtından əvvəl buraxılmadan öz səlahiyyət müddətini tam başa vurur. Sonuncu dəfə analoji hal 1984–1988-ci illərdə fəaliyyət göstərmiş 11-ci çağırış Knesset zamanı qeydə alınıb, ondan sonrakı bütün parlamentlər isə vaxtından əvvəl buraxılıb.
Qanunvericiliyə əsasən, İsraildə parlamentin səlahiyyət müddəti dörd ildir. Hələ 2023-cü ilin aprelində ölkənin Mərkəzi Seçki Komissiyası qərara almışdı ki, parlament vaxtından əvvəl buraxılmayacağı təqdirdə növbəti seçkilər 2026-cı il oktyabrın 27-də keçirilməlidir. Lakin əvvəlki çağırışlarda olduğu kimi, bu parlamentin də fəaliyyətini vaxtından tez yekunlaşdıracağı ehtimal edilirdi.
Xatırladaq ki, İsraildə sonuncu parlament seçkiləri 2022-ci ilin noyabrında keçirilib. Seçkilərin nəticələrinə əsasən, sağyönümlü "Likud" partiyasının rəhbərliyi ilə hakim koalisiya formalaşdırılıb və partiyanın lideri Benyamin Netanyahı karyerasında altıncı dəfə hökuməti qurmaq səlahiyyəti alaraq baş nazir postunu tutub. Koalisiyada "Likud" ilə yanaşı, ifrat sağçı və ultraortodoks siyasi qüvvələr də təmsil olunub.
Son rəy sorğularına əsasən, "Likud" partiyası hazırda reytinqlərdə liderliyini qorusa da, İsrail ordusunun Baş Qərargahının keçmiş rəisi Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalif "Yaşar" bloku ilə eyni göstəriciyə malikdir. Bununla belə, siyasi qüvvələrdən heç biri təkbaşına parlament çoxluğunu qazanmaq imkanında deyil. Sorğuların nəticələrinə görə, mövcud hakim koalisiyaya daxil olan partiyalar hökumət qurmaq üçün tələb olunan minimum 61 mandatı (ümumi 120 yerdən) hələlik toplaya bilmirlər.