Rizvan Nəbiyev: Şuşa Media Forumu Azərbaycanın yumşaq güc siyasətinin mühüm alətidir
"Müasir beynəlxalq münasibətlərdə dövlətlərin nüfuzu artıq yalnız iqtisadi və hərbi güclə müəyyən edilmir. Harvard Universitetinin professoru Cozef Nay tərəfindən irəli sürülən "Soft Power" – yumşaq güc konsepsiyası göstərir ki, dövlətlərin cəlbediciliyi, mədəniyyəti, dəyərləri, humanitar fəaliyyəti və beynəlxalq etibarı müəyyən hallarda sərt güc qədər əhəmiyyətlidir".
Bu sözləri Operativ Media-ya açıqlamasında deputat, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.
Onun sözlərinə görə, IV Şuşa Qlobal Media Forumu da bu yumşaq güc alətlərindən biridir:
"Burada müzakirə olunan mövzular informasiya təhlükəsizliyi, beynəlxalq əməkdaşlıq, rəqəmsal transformasiya və sülhün kommunikasiya vasitəsilə təşviqi ilə bağlıdır. İnformasiya diplomatiyasının ən güclü vasitələrindən biri məhz birbaşa təmasa əsaslanan kommunikasiya modelidir. Həm də bu mənada IV Qlobal Şuşa Media Forumu Prezident İlham Əliyevin yeni diplomatik yanaşmasının mühüm tərkib hissəsidir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən informasiya diplomatiyası, humanitar təşəbbüslər, sülh gündəliyi və yumşaq güc siyasəti Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir. Bu siyasət ölkəmizin qlobal miqyasda dialoq təşəbbüskarı və etibarlı orta güc dövlətinə çevrilməsi prosesini sürətləndirir".