“MegaSec” Çində keçirilən AI konfransında 5 elmi məqalə ilə Azərbaycanı təmsil edib
MegaSec Çində keçirilən AI konfransında 5 elmi məqalə ilə Azərbaycanı təmsil edib.
Operativ Media xəbər verir ki, Azərbaycanın kibertəhlükəsizlik və süni intellekt sahəsində fəaliyyət göstərən MegaSec şirkəti Çinin Urumçi şəhərində keçirilən 7-ci Beynəlxalq Təbii Dil Emalı və Süni İntellekt Konfransında (NLPAI 2026) iştirak edib. Şirkət ADA Universiteti nəzdində fəaliyyət göstərən MegaSec AI & Cybersecurity Laboratory-nin gənc tədqiqatçıları ilə birlikdə tədbirdə beş elmi məqalə təqdim edib.
Tədqiqatlar aşağı resurslu dillər üçün texnologiyalar, nitqin avtomatik tanınması (Automatic Speech Recognition), bilik qrafları (Knowledge Graphs), izah edilə bilən süni intellekt (Explainable AI) və multimodal dezinformasiyanın aşkarlanması istiqamətlərini əhatə edib.
Təqdim olunan tədqiqatlardan biri Azərbaycan dili üçün avtomatik nitq tanınması texnologiyasına həsr olunub. Bu elmi işin həmmüəlliflərindən biri də MegaSec-in direktoru Gabil Gasimovdur. Onun sözlərinə görə, bu araşdırma süni intellekt sahəsində əldə olunan elmi nailiyyətlərin yerli dillər, dövlət qurumları və cəmiyyət üçün praktik həllərə çevrilməsi istiqamətində mühüm addımdır.