Rusiya mediası Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışını geniş şəkildə işıqlandırıb
Rusiya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışını geniş şəkildə işıqlandırıb.
Operativ Media xəbər verir ki, Azərbaycan dövlət başçısının bəyanatları Rusiyanın aparıcı xəbər agentlikləri və nəşrlərində, o cümlədən TASS, “İzvestiya”, “Kommersant”, “Rossiyskaya qazeta”, “Vedomosti”, “Arqumentı i faktı”, “Vzqlyad” və “Moskovski komsomolets” və digər qəzetlərdə günün əsas beynəlxalq mövzularından birinə çevrilib.
Rusiya mediası Azərbaycan Prezidentinin Bakı ilə Moskva arasında münasibətlərin tam normallaşdığı və müsbət istiqamətdə inkişaf etdiyi barədə bəyanatına xüsusi diqqət yetirib. Nəşrlər həmçinin dövlət başçısının iki ölkə arasında əlaqələrin müxtəlif səviyyələrdə - hökumətlər, hökumətlərarası komissiya, xarici işlər nazirlikləri və prezident administrasiyaları xətti ilə həyata keçirildiyi barədə bəyanatını da qeyd ediblər.
Prezident İlham Əliyevin “3+3” regional əməkdaşlıq formatı ilə bağlı bəyanatlarına da Rusiya mətbuatında geniş yer verilib. Media qurumları Azərbaycan liderinin bu mexanizmin bütün Cənubi Qafqaz məsələlərini əhatə etməli və regional əməkdaşlığın təməlini təşkil etməli olduğu barədəki mövqeyinə diqqət çəkib.
Rusiya nəşrləri Azərbaycan dövlət başçısının Avropa Şurası ilə münasibətlərə dair açıqlamalarına geniş istinad edib. Nəşrlərdə qeyd olunur ki, Azərbaycan Prezidenti Bakı üçün qəbuledilməz yanaşmalar və ultimatum tələbləri davam edərsə, ölkənin bu təşkilatdan qəti şəkildə çıxmasının mümkünlüyünü bildirib.
Bundan əlavə, Rusiya mediası Prezident İlham Əliyevin Azərbaycan tarixində sovet dövrünü qiymətləndirməsi, eləcə də müstəqillik illərində respublikanın orta güc statusuna nail olduğunu və milli maraqların qorunmasına əsaslanan müstəqil xarici siyasət yürütdüyü barədə bəyanatını işıqlandırıb.