Donald Tramp ABŞ-nin Hörmüz boğazına nəzarəti ələ keçirəcəyini bəyan edib
Amerika Birləşmiş Ştatları Hörmüz boğazına nəzarəti öz üzərinə götürməyi və regionun təhlükəsizliyini təmin etməyi planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp yerli mətbuata müsahibəsində bildirib.
Ağ Ev rəhbəri qeyd edib ki, Vaşinqton boğazın idarəçiliyini rəsmən öz üzərinə götürərək onun qoruyucusuna çevriləcək.
D.Trampın sözlərinə görə, Birləşmiş Ştatlar son 50 il ərzində sözügedən strateji su yolunun mühafizəsini heç bir ödəniş almadan, qarşılıqsız olaraq həyata keçirib. Prezident vurğulayıb ki, artıq bu xidmətin qarşılığında maliyyə vəsaiti qazanmağın vaxtı çatıb.
Rəsmi Tehranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini deyən ABŞ lideri, İran tərəfinin mütəmadi olaraq əldə edilən razılaşmaları pozduğunu diqqətə çatdırıb. O, indiyədək qarşı tərəflə 10 müqavilə imzalandığını xatırladaraq, rəsmi Vaşinqtonun bu addımlara qarşı İrana çox sərt cavab verəcəyini əlavə edib.