CENTCOM İranda yeni hava əməliyyatının başa çatdığını açıqlayıb
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 13-də yerli vaxtla saat 22:15-də İrana qarşı növbəti zərbələr dalğasını tamamlayıb.
Operativ Media xəbər verir ki, ABŞ ordusunun rəsmi bəyanatına əsasən, beş saat davam edən hərbi əməliyyat çərçivəsində İranın Buşəhr, Çahbahar, Cask, Konarak, Əbu Musa və Bəndər-Abbas bölgələrində yerləşən müxtəlif hərbi obyektlərə uğurlu zərbələr endirilib.
Məlumata görə, bu hücumlar rəsmi Tehranın ticarət gəmilərinə qarşı hücum imkanlarını zəiflətmək məqsədi daşıyır. Əməliyyat zamanı yüksək dəqiqlikli silahlardan istifadə edilməklə İranın sahil müdafiə sistemləri, raket və pilotsuz uçuş aparatları (PUA) bazaları, həmçinin dəniz infrastrukturunun hədəf alındığı bildirilir.
Hazırda Yaxın Şərq regionunda ABŞ-nin 50 mindən çox hərbi qulluqçusunun yerləşdirildiyi qeyd olunur. Komandanlıq Amerika qüvvələrinin hər an döyüşə hazır və ayıq-sayıq vəziyyətdə olduğunu bəyan edib.