Slovakiya prezidentinin Qarabağ səfəri: Siyasi və geosiyasi pərdəarxası - TƏHLİL
Slovakiya prezidentinin Azərbaycana səfərinin ən mühüm hissəsi məhz Ağdam olub. Çünki burada söhbət sadəcə protokol marşrutundan getmir. Ağdamın seçilməsi Azərbaycanın beynəlxalq ictimaiyyətə verdiyi çox ciddi siyasi mesajdır.
Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Azay Quliyev deyib.
O bildirib ki, bir vaxtlar Ağdam dünyanın ən çox dağıdılmış şəhərlərindən biri, Qafqazın Herosiması kimi tanınırdı. Bu gün isə tamamilə fərqli mənzərənin şahidiyik. Ağdam artıq Azərbaycanın postmünaqişə inkişaf strategiyasının vitrinidir:
“Burada "Ağıllı şəhər" konsepsiyası tətbiq edilir, yaşıl enerji layihələri həyata keçirilir, müasir yaşayış məhəllələri salınır, sənaye parkı yaradılır, rəqəmsal idarəetmə sistemləri qurulur. Başqa sözlə, Azərbaycan beynəlxalq tərəfdaşlarına göstərir ki, biz müharibədən quruculuğa, dağıntıdan inkişafa keçmişik.
Mən hesab edirəm ki, məhz buna görə Slovakiya prezidentinin Ağdama aparılması artıq Azərbaycanın formalaşdırdığı yeni siyasi konsepsiyanın tərkib hissəsidir.
Bu günün daha bir mühüm hadisəsi isə Prezident İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrininin Ağdamda yeni ümumtəhsil məktəbinin təməlini birlikdə qoymaları oldu.
Bu hadisənin çox dərin simvolik mənası var.
Otuz il ərzində həmin torpaqlarda məktəblər dağıdılırdı, uşaqlar öz doğma yurdlarında təhsil ala bilmirdilər. Bu gün isə xarici dövlət başçısının iştirakı ilə yeni məktəbin təməli qoyulur. Bu, Qarabağa həyatın, təhsilin və gələcəyin qayıtdığını nümayiş etdirən ən güclü mesajlardan biridir.
Bu həm də beynəlxalq ictimaiyyətə göstərir ki, Azərbaycan azad edilmiş ərazilərdə yalnız yollar və binalar tikmir. İnsan kapitalına, təhsilə və gələcək nəsillərə investisiya qoyur.
Slovakiya iqtisadi baxımdan kiçik ölkə olsa da, sənaye və texnologiya sahəsində Avropanın kifayət qədər inkişaf etmiş dövlətlərindən biridir.
Maşınqayırma, avtomobil sənayesi, metallurgiya, elektrik avadanlıqları, su təsərrüfatı və tullantıların idarə olunması kimi sahələrdə Slovakiyanın ciddi təcrübəsi var.
Maraqlıdır ki, Slovakiya nümayəndə heyətinin proqramına Qarabağdakı "Smart Village" layihəsinin daxil edilməsi də təsadüfi deyil. Bu onu göstərir ki, Bratislava Qarabağın bərpasına yalnız siyasi dəstək vermək deyil, həm də konkret texnologiya və mühəndislik həlləri ilə qoşulmaq niyyətindədir.
Bu əməkdaşlıq gələcəkdə su təchizatı, kommunal xidmətlər, enerji səmərəliliyi, rəqəmsal bələdiyyə sistemləri və ekoloji idarəetmə kimi istiqamətlərdə genişlənə bilər.
Mən burada daha geniş geosiyasi mənzərə görürəm. Slovakiya Avropa İttifaqının, Avrozonanın, NATO-nun və Şengen məkanının üzvüdür. Bu isə o deməkdir ki, Azərbaycanla əməkdaşlıq təkcə ikitərəfli münasibətlərdən ibarət deyil.
Son illər Avropada enerji təhlükəsizliyi, alternativ logistika marşrutları və etibarlı tərəfdaşların tapılması əsas prioritetlərdən birinə çevrilib.
Azərbaycan isə bu yeni geosiyasi reallıqda mühüm rol oynayır. Bir tərəfdən Avropanın enerji təhlükəsizliyinə töhfə verir, digər tərəfdən isə Orta Dəhlizin əsas iştirakçısı kimi Avropa ilə Mərkəzi Asiyanı birləşdirən ən etibarlı nəqliyyat marşrutlarından birini təqdim edir.
Bu kontekstdə Slovakiya kimi Mərkəzi Avropa ölkələrinin Azərbaycana marağının artması tamamilə məntiqlidir.
Digər mühüm məsələ Azərbaycanın sənaye parklarıdır.
Ələt Azad İqtisadi Zonası, Sumqayıt Kimya Sənaye Parkı, Ağdam Sənaye Parkı və digər sənaye zonaları Avropa şirkətləri üçün artıq ciddi investisiya platformasına çevrilməkdədir.
Vergi güzəştləri, gömrük üstünlükləri, müasir logistika və Xəzər vasitəsilə Mərkəzi Asiya bazarlarına çıxış Avropa istehsalçıları üçün böyük üstünlük yaradır”.
