Donald Tramp Hörmüz boğazında rüsum tətbiqi ideyasından imtina edib
Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp Körfəz ölkələrinin Hörmüz boğazında gəmilərin keçidi üçün xüsusi rüsum tətbiq edilməsi təklifinə qarşı çıxdığını etiraf edib.
Operativ Media xəbər verir ki, ABŞ lideri bu barədə İraqın Baş naziri Əli əz-Zeydi ilə keçirdiyi görüş zamanı jurnalistin sualını cavablandırarkən məlumat verib. Ağ Ev rəhbəri əvvəllər təklif etdiyi və daşınan yüklərin dəyərinin 20 faizi həcmində təhlükəsizlik rüsumunun alınmasını nəzərdə tutan təşəbbüsü yaxşı ideya hesab etdiyini diqqətə çatdırıb.
Prezidentin sözlərinə görə, Körfəz ölkələrinin rəhbərləri onunla əlaqə saxlayaraq bu məsələdə fərqli yanaşmaya üstünlük verdiklərini bildiriblər. Bunun ardınca D. Tramp rüsum ideyasından vaz keçərək həmin dövlətlərlə ticarət və investisiya sazişlərinin imzalanmasına yönəldiyini bəyan edib.
ABŞ rəhbəri Körfəz ölkələrinin ABŞ-yə rekord həcmdə investisiya yatırmaqdan məmnun olacaqlarını bildirərək, bu variantın tamamilə məqbul olduğunu vurğulayıb. Eyni zamanda, o, ümumilikdə rüsum ideyasından xoşu gəlmədiyini, lakin ABŞ ordusunun Çin daxil olmaqla bütün dünya üçün boğazın təhlükəsizliyini təmin etməsinə baxmayaraq, bunun müqabilində heç bir kompensasiya almamasını ədalətsizlik hesab etdiyini iddia edib.
Xatırladaq ki, iyunun 23-də ABŞ-nin dövlət katibi Marko Rubio Əbu-Dabiyə səfəri zamanı hər hansı bir dövlət tərəfindən Hörmüz boğazından keçən gəmilərdən rüsum tələb olunmasının qanunsuz olduğunu bəyan etmişdi. Dövlət katibi iyunun 25-də Bəhreyndə Körfəz ölkələrinin xarici işlər nazirləri ilə görüşündə də rəsmi Vaşinqtonun Hürmüz boğazını beynəlxalq dəniz yolu kimi qəbul etdiyini və İran tərəfindən rüsumların yığılmasını qəbul etməyəcəyini vurğulamışdı.