Makron Starmeri Fəxri Legion ordeni ilə təltif edib
Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın Baş naziri Kir Starmeri Avropanın təhlükəsizliyinə verdiyi töhfələrə və Ukraynaya göstərdiyi dəstəyə görə ölkəsinin ali dövlət mükafatı olan Fəxri Legion ordeni ilə təltif edib.
Operativ Media xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, tezliklə vəzifəsindən gedəcək hökumət başçısı bu mükafata həm də Kiyevə yardım məqsədilə yaradılan "istəklilər koalisiyası" təşəbbüsünə görə layiq görülüb. Qeyd olunan koalisiyanın növbəti görüşü ötən gün Parisdə Emmanuel Makron və Kir Starmerin həmsədrliyi ilə reallaşıb. Britaniyalı Baş nazir çərşənbə axşamı Fransanın əsas milli bayramı olan Bastiliyanın alınması gününün qeyd olunması mərasimlərində də iştirak edib.
Mənbənin yazdığına əsasən, Fransa Prezidenti həmkarına "şəxsi liderliyinə", eləcə də Avropanın təhlükəsizliyinə, Ukraynaya və ikitərəfli əlaqələrə sadiqliyinə görə təşəkkürünü bildirib.
Bununla da Starmer bu mükafatı alan ilk fəaliyyətdə olan britaniyalı Baş nazir kimi tarixə düşüb. Keçmişdə Birləşmiş Krallığın bir neçə sabiq hökumət başçısı da bu ordenlə təltif edilib. Məsələn, Uinston Çörçill 1958-ci ildə ordenin ən yüksək dərəcəsi olan Böyük Xaç komandoru rütbəsinə layiq görülüb, lakin bu hadisə onun vəzifədən getməsindən üç il sonra baş verib. Bundan əlavə, 2006-cı ildə Fransanın o zamankı dövlət başçısı Jak Şirak Rusiya Prezidenti Vladimir Putini də Fəxri Legion ordeninin Böyük Xaç kavaleri təyin edib.
Məlumat üçün qeyd edək ki, Fransanın ən ali hərbi və mülki mükafatı hesab olunan bu orden 1802-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilib və onun ilk kavaleri də elə təsisçinin özü olub. Orden dərəcələrinə görə beş mərhələyə bölünür: Böyük Xaç kavaleri, böyük zabit, komandor, zabit və cəngavər. Təltifetmə siyahıları ildə üç dəfə — yanvarın 1-də, Pasxa bayramında və 14 iyul Milli Bayram günündə dərc olunur.
Kir Starmerin iyulun 20-də Baş nazir səlahiyyətlərini öz xələfinə təhvil verəcəyi gözlənilir. Hazırda hakim Leyboristlər Partiyasının liderliyinə yeganə namizəd Böyük Mançesterin keçmiş meri Endi Bernemdir.