"Axios": Donald Tramp İrana qarşı hərbi əməliyyatların miqyasını genişləndirməyi müzakirə edib
ABŞ Prezidenti Donald Tramp Tehranı Vaşinqtonun tələblərini qəbul etməyə məcbur etmək üçün İrana qarşı hərbi əməliyyatların miqyasının artırılması imkanlarını administrasiyasının rəhbər şəxsləri ilə müzakirə edib.
Operativ Media xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, dövlət başçısı iyulun 14-də Ağ Evdə bu məsələ ilə bağlı iclas keçirib. Toplantıda hazırda ABŞ qüvvələrinin Hörmüz boğazı bölgəsində həyata keçirdiyi zərbələrdən daha genişmiqyaslı əməliyyatların təşkili müzakirə olunub. Portala görə, D.Tramp Tehran rejiminin Hörmüz boğazını açması və nüvə sahəsindəki tələblərə güzəştə getməsi üçün hərbi eskalasiyanı artırmağa hazır görünür.
Məlumata əsasən, müzakirələrdə vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, Silahlı Qüvvələrin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff, xüsusi nümayəndə Stiv Uitkoff və digər rəsmi şəxslər iştirak ediblər. İclasda Hörmüz boğazındakı hədəflərlə yanaşı, İranın strateji obyektlərinə də dağıdıcı zərbələrin endirilməsi ssenariləri nəzərdən keçirilib.
D.Tramp bundan əvvəl "Fox News" telekanalına müsahibəsində rəsmi Tehranın danışıqlara razı olmayacağı təqdirdə ABŞ-nin bu ölkədəki bütün körpüləri və elektrik stansiyalarını məhv etməyə hazır olduğunu bəyan etmişdi. Ağ Ev rəhbəri bu cür zərbələrin növbəti həftə endirilə biləcəyini vurğulamış, həmçinin ABŞ-nin su təmizləyici qurğuları da hədəf ala biləcəyini qeyd etmişdi.