Maqnezium spreylərinin nəzarətsiz istifadəsinin fəsadları – Endokrinoloq danışır
"Maqnezium spreyləri düzgün istifadə edildikdə, ümumiyyətlə, təhlükəli hesab olunmur. Bəzi hallarda, xüsusilə mədə-bağırsaq sistemi ilə bağlı problemləri olan pasiyentlərdə həkim məsləhəti ilə sprey formasında maqnezium təyin oluna bilər".
Bu sözləri Operativ Media-ya endokrinoloq Samirə Süleymanova deyib. 
O bildirib ki, bəzən maqnezium spreylərinin ağızdan qəbul edilən preparatlardan daha yaxşı sorulduğu iddia olunur. Lakin bu fikir tam doğru deyil:
“Əksinə, oral, yəni ağızdan qəbul edilən maqnezium preparatlarının sorulması daha effektiv hesab olunur. Buna görə də sprey forması yalnız müəyyən göstəriş olduqda seçilməlidir.
Əgər pasiyent maqnezium spreyindən istifadə edəcəksə, bir sıra vacib məqamlara diqqət yetirməlidir. İlk növbədə, preparat yalnız istifadə təlimatında göstərilən miqdarda tətbiq edilməlidir. Tövsiyə olunan dozadan artıq istifadə dəridə qıcıqlanma və allergik reaksiyaların yaranma riskini artıra bilər.
Spreyin gözlə təmasından mütləq qaçınmaq lazımdır. Gözə düşdüyü halda qıcıqlanma və digər oftalmoloji problemlər yarana bilər. Bundan başqa, preparatı tətbiq etməzdən əvvəl dəri yoxlanılmalıdır. Dəridə açıq yara, çat və ya iltihab varsa, həmin nahiyəyə sprey vurulmamalıdır. Belə hallarda preparatın istifadəsi qıcıqlanmanı gücləndirə, allergik reaksiyaya, hətta bəzi hallarda dəri zədələnməsinə səbəb ola bilər.
Bəzi insanlar maqneziumun özünəməxsus qoxusundan da narahatlıq hiss edə bilərlər. Bu, preparatın xüsusiyyətlərindən biridir və bəzi istifadəçilərdə narahatlıq yarada bilər.
Ümumilikdə, maqnezium spreylərindən istifadə zamanı təlimata və həkimin tövsiyələrinə əməl etmək, mümkün əlavə təsirləri nəzərə almaq vacibdir. Hər hansı allergik reaksiya, güclü qızartı, yanma və ya digər narahatlıq yarandıqda preparatın istifadəsi dayandırılmalı və həkimə müraciət edilməlidir”.