ABŞ xarici tələbələr və jurnalistlər üçün viza qaydalarını sərtləşdirir
Amerika Birləşmiş Ştatlarının Daxili Təhlükəsizlik Departamenti ölkəyə gələn xarici tələbələr, jurnalistlər və mübadilə proqramlarının iştirakçıları üçün vizaların verilməsi qaydalarına dəyişiklik edərək, onların ABŞ-də qalma müddətinə ciddi məhdudiyyətlər tətbiq edib.
Operativ Media xəbər verir ki, ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə dərc edilən bildirişə əsasən, rəsmi Vaşinqton bu addımla ölkə təhlükəsizliyini gücləndirməyi və müvəqqəti viza sahiblərinin hüquqi statusuna daha effektiv nəzarət etməyi hədəfləyir.
Qüvvədə olan əvvəlki qaydalara görə, "I" (jurnalist), "F" (tələbə) və "J" (mübadilə proqramı iştirakçısı) kateqoriyalı vizalara malik şəxslər ölkədə fəaliyyət məqsədləri (təhsil və ya iş prosesi) davam etdiyi müddətcə ABŞ-də qala bilirdilər və bu sənədlər üçün konkret vaxt limiti müəyyən edilmirdi.
Yeni tənzimləməyə əsasən, xarici media nümayəndələrinə ABŞ-də maksimum 240 gün müddətinə iş icazəsi veriləcək və ehtiyac yaranarsa, bu müddət uzadıla biləcək. Çin vətəndaşlığı olan jurnalistlər üçün isə bu limit 90 günlə məhdudlaşdırılır. Tələbələr və mübadilə proqramı iştirakçıları isə təhsil müddətindən asılı olmayaraq ölkədə ən çox dörd il qala biləcəklər.
Analoji təşəbbüslə ilk dəfə 2020-ci ildə ABŞ-nin sabiq prezidenti Donald Trampın birinci administrasiyası çıxış etsə də, həmin dövrdə tələbə təşkilatlarının kəskin etirazları səbəbindən layihənin qəbul edilməsi mümkün olmamışdı.