Marko Rubio: Solçu siyasi cərəyanlar qlobal terror təhlükəsi yaradır
ABŞ-nin dövlət katibi Marko Rubio qlobal miqyasda bütün solçu siyasi cərəyanların terror təhlükəsi yaratdığını iddia edərək, beynəlxalq birliyi bu təhlükəyə qarşı kollektiv addımlar atmağa çağırıb.
Operativ Media xəbər verir ki, ABŞ-nin təşəbbüsü ilə Vaşinqtonda keçirilən və siyasi terrorizmin dirçəlişinə qarşı mübarizəyə həsr olunmuş nazirlər səviyyəli çoxtərəfli konfransda çıxış edən dövlət katibi əsasən solçu siyasi qüvvələrlə mübarizə mövzusuna toxunub. O bildirib ki, hazırda ABŞ-də sol cinahın törətdiyi terror aktlarının sayı son onilliklərin ən yüksək həddinə çatıb, Almaniyada isə ötən il radikal solçuların törətdiyi zorakılıq halları 40 faiz artıb.
M. Rubionun qənaətinə görə, bu qüvvələrin fəaliyyətinin əsasında sivilizasiyaya qarşı nifrət dayanır. O, təhlükənin neytrallaşdırılması üçün terrorla mübarizə strukturunun yenidən qurulmasının vacibliyini vurğulayıb, kəşfiyyat məlumatlarının mübadiləsini aktivləşdirməyi və hüquq-mühafizə orqanlarının əlaqələndirilmiş strategiyasını hazırlamağı təklif edib.
Eyni zamanda, dövlət katibi mövcud miqrasiya sistemlərini tənqid edərək, bu cür təhlükələrin ölkələrə birbaşa idxal olunmasına imkan verildiyini və sol cinahdan gələn təhdidlərin hələ də qaldığını qeyd edib.
ABŞ-nin hazırkı Respublikaçılar administrasiyasını təmsil edən M. Rubio demokrat Co Baydenin rəhbərlik etdiyi əvvəlki hökumətin dövründə, xüsusilə də afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ölkə daxilində solçuların zorakı əməllərinə bəraət qazandırıldığını və buna müqəddəs bir hal kimi yanaşıldığını iddia edib. O, bu dövrün artıq başa çatmalı olduğunu vurğulayıb.
Dövlət katibi öz çıxışında müxtəlif kommunist və marksist hərəkatları da sərt tənqid atəşinə tutub.