Yaponiyada dövlət bayrağını təhqir edənlər üçün cəzalar müəyyənləşib
Yaponiya parlamentinin yuxarı palatası ölkənin dövlət bayrağına qəsdən zərər vurulmasına görə cinayət məsuliyyətini nəzərdə tutan yeni qanun layihəsini qəbul edib.
Operativ Media xəbər verir ki, səsvermə prosesi birbaşa olaraq qanunverici orqanın rəsmi internet səhifəsində yayımlanıb.
Yeni qanun layihəsi hakim koalisiyada təmsil olunan iki siyasi qüvvə ilə yanaşı, iki müxalifət partiyasının birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.
Sənədə əsasən, milli bayrağın tam və ya qismən məhv edilməsi, yandırılması, eləcə də yerindən qoparılmasına görə iki ilə qədər həbs cəzası yaxud 200 min yenədək (təxminən 1,3 min dollardan az) cərimə tətbiq olunacaq. Layihənin müzakirəsi mərhələsində sosial şəbəkələrdə dövlət rəmzinin təhqir olunmasını əks etdirən videoçarxların yayılmasına görə cəza bəndi sənəddən çıxarılıb. Bu addım sənədi dəstəkləyən iki kiçik müxalifət partiyasının irəli sürdüyü əsas şərt əsasında atılıb.
Sözügedən qanunun qəbulu parlamentin aşağı palatasında səs çoxluğuna malik olan hakim Liberal Demokrat Partiyası ilə onun koalisiya ortağı "Yaponiya Yenilənmə Cəmiyyəti" arasında əməkdaşlıq sazişinin bir hissəsidir.