Menyu

Ürək tutmasının ilkin əlamətləri: Hansı hallarda vaxt itirmək olmaz?

Ayşən Sadıxzadə
Ürək tutmasının ilkin əlamətləri: Hansı hallarda vaxt itirmək olmaz?

Ürək-damar xəstəlikləri dünyada olduğu kimi, Azərbaycanda da ölüm və əlilliyin əsas səbəblərindən biri olaraq qalır. Mütəxəssislər bildirirlər ki, ürək tutması zamanı ilk dəqiqələrdə atılan düzgün addımlar insan həyatını xilas edə bilər. Bunun üçün hər kəs ürək tutmasının ilkin əlamətlərini tanımalı və vaxt itirmədən tibbi yardım çağırmalıdır.

Mövzu ilə bağlı Operativ Media-ya danışan kardioloq Arzu Əhmədova bildirib ki, ürək tutmasının ilkin əlamətlərini vaxtında tanımaq həyati əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, sinədə sıxıcı, yandırıcı və ya təzyiq hissi ilə müşayiət olunan ağrı, ağrının sol qola, çiyinə, boyuna, çənəyə və ya kürəyə yayılması, nəfəs darlığı, soyuq tər, ürəkbulanma, başgicəllənmə və güclü halsızlıq ürək tutmasının əsas xəbərdaredici əlamətləridir.

"Bu əlamətlər adətən qəfil başlayır və bir neçə dəqiqədən artıq davam edə bilər. Sinə nahiyəsində yaranan ağrı və ya narahatlıq hissi çox vaxt fiziki gərginlik zamanı artsa da, bəzi hallarda istirahət zamanı da meydana çıxır.

Xüsusilə qadınlarda, yaşlı insanlarda və şəkərli diabet xəstələrində ürək tutması klassik əlamətlərlə deyil, sadəcə güclü halsızlıq, nəfəs darlığı, ürəkbulanma, həzm pozğunluğunu xatırladan narahatlıq və ya soyuq tərləmə ilə özünü göstərə bilər. Bu səbəbdən belə əlamətlərə laqeyd yanaşmaq olmaz", - deyə həkim vurğulayıb.

Kardioloq qeyd edib ki, sadalanan əlamətlər 10–15 dəqiqədən artıq davam edərsə və ya istirahətlə keçməzsə, dərhal 103 Təcili Tibbi Yardım xidmətinə müraciət olunmalıdır.

"Həkim gələnədək xəstə sakit vəziyyətdə saxlanılmalı, fiziki hərəkətdən çəkinməli, rahat nəfəs ala bilməsi üçün sıx geyimləri boşaldılmalıdır. Vaxtında xəstəxanaya çatdırılma ürək əzələsinin daha çox zədələnməsinin qarşısını ala və xəstənin həyatını xilas edə bilər", - deyə o əlavə edib.

Arzu Əhmədovanın sözlərinə görə, ürək tutmasının qarşısını almaq üçün risk amillərinin nəzarətdə saxlanılması da mühüm əhəmiyyət daşıyır.

"Arterial təzyiqin, qanda şəkər və xolesterin səviyyəsinin mütəmadi yoxlanılması, siqaretdən imtina, sağlam qidalanma, normal bədən çəkisinin qorunması və müntəzəm fiziki aktivlik ürək-damar xəstəliklərinin inkişaf riskini əhəmiyyətli dərəcədə azaldır. Risk qrupunda olan şəxslərin isə vaxtaşırı kardioloq müayinəsindən keçməsi tövsiyə olunur",- deyə həkim bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər