Donald Tramp ABŞ-Gürcüstan münasibətlərinin inkişafına hazır olduğunu bəyan edib
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə ünvanladığı məktubda iki ölkə arasında mövcud olan münasibətləri inkişaf etdirmək niyyətində olduğunu ifadə edib.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ABŞ rəhbərinin bu məktubu İrakli Kobaxidzenin Birləşmiş Ştatların müstəqilliyinin 250 illiyi münasibətilə göndərdiyi təbrik mesajına cavab olaraq gəlib.
Donald Tramp məktubunda göstərilən diqqəti yüksək qiymətləndirdiyini qeyd edib. O, suverenliyin, təhlükəsizliyin və uzunmüddətli rifahın təmin olunması istiqamətində birgə fəaliyyət sayəsində ciddi uğurlar qazanmağın mümkünlüyünü vurğulayıb. Ağ Ev rəhbəri daha təhlükəsiz, firavan və dinc gələcəyə doğru birgə addımlamaq üçün əməkdaşlığın möhkəmləndirilməsini səbirsizliklə gözlədiyini diqqətə çatdırıb. ABŞ prezidenti həmçinin Vaşinqtonla eyni idealları bölüşən tərəfdaşlarla dostluğa xüsusi önəm verdiyini qeyd edib.
Tbilisi ilə Vaşinqton arasındakı diplomatik əlaqələr 2024-cü ildə Gürcüstanda "Xarici agentlər haqqında" qanunun qəbulundan sonra kəskin şəkildə pisləşib. Həmin ilin noyabrın 28-də Gürcüstanın hökumət başçısının ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların dondurulduğunu elan etməsindən sonra, ABŞ Dövlət Departamenti respublika ilə strateji tərəfdaşlığı dayandırıb.
Gürcüstan rəhbərliyi isə hələ Donald Trampın prezident seçilməsindən əvvəl ABŞ-də hakimiyyət dəyişikliyinə və münasibətlərin yenidən qurulmasına ümid bəslədiyini dəfələrlə bəyan edib. Rəsmi Tbilisi qarşı tərəfdən də analoji addımlar gözlədiyini vurğulayıb. Son dövrlərdə Gürcüstan hökuməti ilə ABŞ rəhbərliyi arasında təmasların intensivləşdiyi bildirilir.