Ukraynada xarici işlər və müdafiə nazirləri vəzifələrinə müvəqqəti təyinatlar olub
Ukraynada Andriy Sibiqa xarici işlər naziri, Yevgen Xmara isə müdafiə naziri vəzifələrinin icraçısı təyin ediliblər.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin baş naziri Serhiy Koretski öz "Telegram" kanalında paylaşım edib. Hökumət rəhbərinin paylaşımına görə, Nazirlər Kabineti Vladimir Zelenski ilə razılaşdıraraq Yevgen Xmaranı müdafiə naziri vəzifəsini müvəqqəti icra edən, Andriy Sibiqanı isə xarici işlər naziri vəzifəsini müvəqqəti icra edən təyin edib.
Qeyd edək ki, Ali Rada ötən gün Serhiy Koretskinin formalaşdırdığı yeni hökumətin 16 nazirinin təyinatını təsdiqləsə də, namizədlikləri dövlət başçısı tərəfindən irəli sürülməli olan XİN və Müdafiə Nazirliyi rəhbərlərinin postları kənarda qalmışdı.
Daha sonra Vladimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri vəzifəsini icra edən Yevgen Xmaraya müdafiə naziri, Andriy Sibiqaya isə xarici işlər naziri vəzifələrini müvəqqəti icra etməyi tapşırıb. Hazırda hər iki şəxs qanunvericiliyə uyğun olaraq hökumət tərəfindən rəsmən nazir vəzifəsini icra edən statusunda təsdiqləniblər.
Onların bu vəzifələrə daimi əsasla təyin olunması parlamentin səsverməsi ilə təsdiqlənməlidir. Deputat Aleksey Qonçarenkonun verdiyi məlumata görə, Ali Radanın növbəti plenar iclası avqustun 18-nə planlaşdırılır. Bununla belə, zərurət yaranacağı təqdirdə parlamentin spikeri əlavə iclaslar da təyin edə bilər. Təqvim planına əsasən, deputatlar iyulun 24-nə qədər komitələrdə və seçicilərlə işləyəcək, daha sonra isə avqustun ortalarına qədər tətilə yollanacaqlar.