Möhsün Rezai: ABŞ hücumları davam etsə, İran hücum mərhələsinə keçəcək
İranın ali rəhbərinin hərbi məsləhətçisi Möhsün Rezai Birləşmiş Ştatların İslam Respublikasına qarşı hücumlarını daha iki-üç gün davam etdirəcəyi təqdirdə ölkəsinin müdafiə mövqeyindən hücum hərəkətlərinə keçəcəyini bəyan edib.
Operativ Media xəbər verir ki, bu barədə hərbi məsləhətçi İranın dövlət televiziyasının efirində danışıb. Möhsün Rezainin bildirdiyinə görə, ABŞ-nin hava zərbələri yaxın iki-üç gün ərzində dayanmayacağı təqdirdə İran Silahlı Qüvvələri çəkindirmə və cavab tədbirləri mərhələsindən "hücum və tam məhv etmə" fazasına adlayacaq. O, belə bir ssenari reallaşacağı təqdirdə Tehranın təkcə münaqişə zonasında yerləşən ABŞ bazalarını deyil, həm də bu bölgədən kənardakı hərbi obyektləri hədəf alacağını vurğulayıb.
Xatırladaq ki, Vaşinqton və Tehran arasında mövcud olan gərginliyin növbəti dəfə pik həddə çatması iyulun 8-də qeydə alınıb. Həmin tarixdə ABŞ Silahlı Qüvvələri tərəflər arasında imzalanmış memorandumdan bəri ilk dəfə olaraq Hörmüz boğazında ticarət gəmisinə edilmiş hücuma cavab bəhanəsi ilə İran ərazisinə bir neçə seriyalı zərbələr endirib.
Həmin gün ABŞ prezidenti Donald Tramp İranla atəşkəs rejiminə son qoyulduğunu bəyan edib. Buna cavab olaraq Tehran rəhbərliyi Birləşmiş Ştatların Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazilərində qərarlaşan Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirməyə başlayıb.