ABŞ İranda inşası davam edən atom elektrik stansiyasına zərbələr endirib
İranın cənub-qərbində tikintisi aparılan "Darxoveyn" atom elektrik stansiyası iyulun 19-na keçən gecə ABŞ Silahlı Qüvvələrinin hücumuna məruz qalıb.
Operativ Media xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı (IAET) məlumat yayıb. Qurumun rəsmi bəyanatında qeyd olunub ki, bazar günü yerli vaxtla təxminən saat 03:39-da beynəlxalq hüquq normalarına zidd olaraq, stansiyanın inşası davam edən obyektinə bir neçə mərmi atılıb. İran tərəfi Vaşinqtonun bu addımını təcavüzkar və qanunazidd əməl kimi qiymətləndirib.
Məlumata görə, ABŞ və İran arasında növbəti gərginlik dalğası iyulun 8-də başlayıb. Vaşinqton və Tehran arasında memorandum imzalandıqdan sonra ABŞ ordusu ilk dəfə olaraq islam respublikasının ərazisinə bir neçə silsilə zərbələr endirib. Rəsmi Vaşinqton bunu Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq əsaslandırıb.
Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin başa çatdığını elan edib. Cavab tədbirləri çərçivəsində isə Tehran ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazilərində yerləşən Yaxın Şərq obyektlərinə zərbələr endirməyə başlayıb.