Əraqçi: “Xameneinin öldürülməsinə səbəb olan kəşfiyyat sızması hələ də aradan qaldırılmayıb”
İran xarici işlər naziri Abbas Əraqçi Ali Rəhbər Əli Xameneinin öldürülməsi ilə nəticələnən hücum zamanı ölkənin ali rəhbərliyində ciddi kəşfiyyat sızmasının olduğunu etiraf edib. Nazir bildirib ki, fevralın 28-də müharibə təhlükəsinin artması ilə bağlı hesabat təqdim etdiyi vaxt Ali Rəhbərin iqamətgahı hücuma məruz qalıb.
Operativ Media xəbər verir ki, Əraqçinin sözlərinə görə, düşmənin eyni vaxtda keçirilən bir neçə mühüm və qapalı iclas barədə dəqiq məlumata malik olması casusluq fəaliyyətinin göstəricisidir. O, İsrailə zərbə endirmək imkanı verən bu kəşfiyyat sızmasının böyük ehtimalla hələ də sistemdən tam təmizlənmədiyini vurğulayıb.
XİN rəhbəri, həmçinin ölkədəki mövcud vəziyyətə də toxunaraq, yeni təyin olunmuş Ali Rəhbər Müctəba Xamenei ilə hələ şəxsən görüşmədiyini və hazırda onunla yalnız çox az sayda insanın təmas qura bildiyini qeyd edib.