Yuxu pozuntuları beyin fəaliyyətini dəyişir - Alimlər açıqladı
Yuxu problemlərinin insanın diqqət, motivasiya və qərar qəbul etmə mexanizmlərinə cavabdeh olan beyin nahiyələrində struktur dəyişikliklərinə yol açdığı məlum olub.
Operativ Media xəbər verir ki, Florida Universitetinin mütəxəssisləri tərəfindən aparılan tədqiqatın nəticələri "Scientific Reports" jurnalında işıq üzü görüb. Beynin vizuallaşdırılması metodlarına əsaslanan 57 elmi işin təhlili çərçivəsində yuxuya getmə çətinliyi (dissomniya) və yuxu dövrünün pozulması (parasomniya) halları araşdırılıb.
Tədqiqat zamanı məlumatların işlənməsi və konsentrasiyaya cavabdeh olan talamus nahiyəsində, xüsusilə də intellektual funksiyaları idarə edən pulvinar hissəsində dəyişikliklər qeydə alınıb. Ekspertlərin fikrincə, bu vəziyyət yuxu problemi olan şəxslərdə reaksiyanın ləngiməsini, qərar vermə çətinliyini və səhv riskinin artmasını izah edə bilər.
Eyni zamanda, parasomniyadan əziyyət çəkən şəxslərin beyin qabığının arxa qurşaq hissəsində emosional tənzimləmə və motivasiya ilə bağlı dəyişikliklər aşkarlanıb ki, bu da xəstələrdəki davranış fərqliliklərinin səbəbi kimi göstərilir. Dissomniya üçün isə vahid bir struktur dəyişikliyi müəyyən edilməyib.
Mütəxəssislər əldə olunan tapıntıların yeni müalicə və diaqnostika üsullarının hazırlanmasında mühüm rol oynayacağını bildirirlər. Növbəti mərhələdə beyindəki bu dəyişikliklərin yuxu pozuntularının səbəbi, yoxsa nəticəsi olduğu araşdırılacaq.