Xroniki bel və kürək ağrılarının səbəbləri nələrdir?
Bel və kürək nahiyəsində yaranan xroniki ağrılar hər zaman onurğada olan struktur dəyişiklikləri ilə əlaqəli olmur. Elmi araşdırmalar göstərir ki, ağrının davamlı xarakter almasına təkcə disk yırtığı, protruziya və ya osteoxondroz deyil, həm də bir çox funksional və sistemik amillər təsir göstərə bilər.
Bu sözləri Operativ Media-ya fizioterapevt Əziz Dərvişov deyib.
O bildirib ki, əzələ zəifliyi və əzələ disbalansı, uzunmüddətli oturaq həyat tərzi, yanlış duruş vərdişləri, fiziki aktivliyin azlığı və ya həddindən artıq yüklənmə onurğaya düşən biomekanik yükü artıraraq xroniki ağrıların yaranmasına səbəb ola bilər. Bununla yanaşı, stress, yuxu pozğunluqları, artıq çəki, D vitamini və bəzi mikroelement çatışmazlıqları, həmçinin fibromialgiya kimi xroniki ağrı sindromları da ağrının şiddətini və davametmə müddətini artıran mühüm risk faktorları hesab olunur:
“Qeyd etmək vacibdir ki, MRT müayinəsində görünən dəyişikliklərin dərəcəsi hər zaman xəstənin hiss etdiyi ağrının şiddəti ilə uyğunluq təşkil etmir. Buna görə də xroniki bel və kürək ağrılarının qiymətləndirilməsi yalnız görüntüləmə nəticələrinə əsaslanmamalı, xəstənin funksional vəziyyəti, əzələ sistemi, hərəkət keyfiyyəti və gündəlik həyat tərzi də peşəkar şəkildə dəyərləndirilməlidir.
Müasir fizioterapiyanın əsas məqsədi yalnız ağrını azaltmaq deyil, ağrının yaranmasına səbəb olan əsas risk faktorlarını müəyyən edərək onları aradan qaldırmaq və xəstənin normal funksional həyatına təhlükəsiz şəkildə qayıtmasını təmin etməkdir”.