Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdırıb
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin razılaşdırılmasını alqışlayıb.
Operativ Media xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, yeni məhdudiyyətlər "Rusiya hərbi maşınının iqtisadi bazasının daha da zəiflədilməsinə" yönəlib.
"Biz qadağan olunmuş tranzaksiyalar siyahımıza daha 32 Rusiya bankını, həmçinin kriptovalyuta şirkətlərini və neft ticarəti platformalarını əlavə edirik. Rusiya hərbi maşınının bazar sarsıntılarından faydalanmaması üçün neftin tavan qiymətinin korreksiyasını bir il müddətinə dondururuq", - o qeyd edib.
Avropa Komissiyasının rəhbəri həmçinin bildirib ki, sanksiyalar ilk dəfə olaraq Rusiyanın "kölgə donanmasına" yardım edən gəmilərə də şamil edilib. O vurğulayıb ki, Avropa İttifaqı Rusiya hərbi gəmilərinin Aİ ölkələrinin limanlarına daxil olmasının rəsmi olaraq qadağan edilməsi istiqamətində mühüm addım atıb.
Fon der Lyayen yeni sanksiyalar paketi ilə bağlı razılaşmanın əldə olunmasında göstərdiyi köməyə görə Aİ Şurasına sədrlik edən İrlandiyaya təşəkkür edib.