"Euronews" İçərişəhər haqqında reportaj hazırlayıb
"Euronews" telekanalı Azərbaycanın qədim tarixi-memarlıq qoruğu olan İçərişəhərə həsr olunmuş reportaj yayımlayıb.
Operativ Media xəbər verir ki, reportaj "Azerbaijan Diary" layihəsi çərçivəsində hazırlanıb.
Süjetdə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin tarixi irsinin qorunması, dayanıqlı şəhər idarəçiliyi və yerli icma həyatının uzlaşdırılması mövzusuna toxunulub.
Qeyd olunub ki, əsrlər boyu Bakının tarixi mərkəzi olan İçərişəhər ticarət, mədəniyyət və gündəlik həyatın formalaşdığı əsas məkanlardan biri olub.
Reportajda tarixi binaların müasir istifadəyə uyğun bərpası, şəhərin unikal memarlıq simasının qorunması və müasir dövrün çağırışlarına uyğun inkişafı nümayiş etdirilir.
Müəlliflər vurğulayırlar ki, İçərişəhər tarixi irsin qorunması ilə innovativ yanaşmaları birləşdirərək regionun ən qədim şəhər mərkəzlərindən birinin canlılığını qoruyub saxlayır.