Balacaların diş sağlamlığı üçün nələr vacibdir?
Uşaqlarda sağlam dişlərin təməli ilk aylardan qoyulur. Düzgün qidalanma, ağız boşluğunun vaxtında təmizlənməsi, şəkərli qidaların məhdudlaşdırılması və müntəzəm stomatoloji müayinələr həm süd dişlərinin, həm də gələcək daimi dişlərin sağlam inkişafında mühüm rol oynayır. Valideynlərin bu sahədə düzgün vərdişlər formalaşdırması gələcəkdə diş çürüməsi və digər ağız-diş problemlərinin qarşısının alınmasına kömək edir.
Mövzu ilə bağlı Operativ Media-ya stomatoloq Anar Nəbizadə danışıb.
O bildirib ki, balacalarda diş sağlamlığının qorunması üçün ilk növbədə şəkərli qida və içkilərin istifadəsi məhdudlaşdırılmalıdır. Şokolad, biskvit, konfet, qazlı və rəngli içkilərin tez-tez qəbulu dişlərdə kariyesin yaranma riskini artırır:
“Dişlər çıxmağa başlayan andan etibarən onların müntəzəm təmizlənməsi vacibdir. Dişlər gündə iki dəfə fırçalanmalı və bu proses valideyn nəzarəti altında aparılmalıdır.
Diş məcunu uşağın yaşına uyğun seçilməlidir. Körpələrdə ilk diş çıxdıqdan sonra düyü dənəsi böyüklüyündə flüorlu diş məcunu, daha böyük uşaqlarda isə noxud böyüklüyündə flüorlu diş məcunundan istifadə olunması tövsiyə edilir.
Qidalanmada süd, qatıq, pendir kimi kalsiumla zəngin süd məhsullarına üstünlük verilməsi dişlərin möhkəm inkişafına müsbət təsir göstərir.
Bundan əlavə, uşağın ağız və diş sağlamlığının qiymətləndirilməsi üçün hər 6 aydan bir stomatoloq müayinəsindən keçməsi tövsiyə olunur. Müntəzəm müayinələr mümkün problemlərin erkən aşkarlanmasına və vaxtında müalicəsinə imkan yaradır”.