Gürcüstanda "oğru aləminə" qarşı əməliyyatda 27 nəfər saxlanılıb
Gürcüstan Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları Baş Prokurorluqla birgə keçirdikləri əməliyyat nəticəsində son 24 saat ərzində “qanuni oğru” aləmi ilə əlaqədə şübhəli bilinən 27 nəfəri saxlayıblar.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaq zamanı məhkəmənin qərarı əsasında həyata keçirilən gizli əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər göstərişləri xaricdə yaşayan Mamuka Çxaberidzedən alıb və onun tapşırıqlarına uyğun hərəkət ediblər.
Araşdırmaya əsasən, onlar mütəmadi əlaqə saxlayaraq “qanuni oğru” qaydalarına uyğun mübahisələrin həlli məqsədilə qondarma “oğru yığıncaqları” təşkil ediblər.
Müəyyən edilmiş müddətdə ödəniş edilmədiyi halda zərərçəkənlər fiziki zorakılıq və ölümlə hədələniblər.
Polis axtarışlar zamanı kompüter texnikası, mobil telefonlar, odlu silahlar və döyüş sursatları aşkar edərək maddi sübut kimi götürüb.
Faktla bağlı Gürcüstanın Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılır. Təqsirli bilinən şəxsləri 15 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, Gürcüstanda 2026-cı ilin əvvəlindən bu günədək mütəşəkkil cinayətkarlığa qarşı keçirilən əməliyyatlar nəticəsində “qanuni oğru” aləmi ilə əlaqəli ümumilikdə 343 nəfər cinayət məsuliyyətinə cəlb olunub.